30-cu Rəbb günü Adi dövrdə B ili

Yer 31, 7-9 http://saltandlighttv.org/blog/wp-content/uploads/2012/10/have-pity-jesus_610x3001.jpg

Rəbb belə deyir: «Yaqubu sevinclə tərənnüm edin, millətlərin başçısı üçün səs qaldırın! Ucadan həmd edib bildirin! “Ya Rəbb, xalqını, İsraildən sağ qalanları xilas et!” deyin. Mən onları şimal ölkəsindən qaytaracağam, dünyanın uzaq yerlərindən toplayacağam. Aralarında kor, topal, hamilə və doğan qadın da olacaq. Böyük bir kütlə olub buraya qayıdacaqlar. Onlar ağlaya-ağlaya gələcək, yalvardıqları zaman onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur.

Z 126, 1-2b. 2c-3. 4-5. 6

Nəqarat: Biz sevinirik, çünki Rəbb bizim üçün böyük işlər görüb.

Rəbb Siona bəxtəvər günlərini qaytaranda bizə röya kimi gəldi.

Dodaqlarımızdan gülüş tökülürdü, dilimizdən sevinc harayı yüksəlirdi.

Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».

Bunun üçün sevinirik, çünki Rəbb bizim üçün böyük işlər görüb.

Selləri Negevə qaytardığın kimi ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.

Qoy göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçsinlər.

Ağlaya-ağlaya toxum daşıyıb əkən

sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

İbr 5, 1-6

İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar verməyə Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. Cahillərə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur. Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir. Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur. Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona: “Sən Mənim oğlumsan, Mən bu gün Sənə Ata oldum” deyən Allah Onu izzətləndirdi. Digər yerdə isə belə deyilir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən».

Mk 10, 46b-52

İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. Nazaretli İsanın orada olduğunu eşidəndə o qışqırıb belə deməyə başladı: “Ey Davud Oğlu İsa! Mənə rəhm elə!” Çox adam sussun deyə onu məzəmmət etdi, amma o daha bərk qışqırdı: “Ey Davud Oğlu! Mənə rəhm elə!” İsa dayandı və dedi: “Onu çağırın”. Onlar bu kor adamı çağıraraq dedilər: “Cəsarətli ol, qalx, O səni çağırır”. O, əbasını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. İsa ondan soruşdu: “Nə istəyirsən, sənin üçün edim?” Kor adam Ona dedi: “Rabbuni, qoy gözlərim açılsın”. İsa ona dedi: “Get, imanın səni qurtardı”. Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.