31-ci Rəbb günü Adi dövründə “B” ili
Qanunun Təkrarı 6, 2-6 
Ömrünüz boyu siz, övladlarınız, nəvələriniz sizə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahınız Rəbdən qorxun ki, ömrünüz uzun olsun. Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan.
Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.
Z 18, 2-3a. 3b-4. 47+51ab
Nəqarat: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
Rəbb qayam, qalam, xilaskarımdır,
Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
Həmdə layiq Rəbbi çağıracağam, düşmənlərimin əlindən qurtulacağam.
Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!
Rəbb padşahına böyük zəfərlər verər, məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.
İbranilərə məktubu 7, 23-28
Bununla yanaşı o kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. İsa isə əbədi qaldığı üçün daimi kahinliyə malikdir. Buna görə O Öz vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas etməyə qadirdir; çünki onlar üçün şəfaət etmək məqsədilə daim yaşamaqdadır. Çünki müqəddəs, məsum, nöqsansız, günahkarlardan ayrılmış və göylərdən daha yüksəklərə qaldırılmış belə bir Baş Kahinə malik olmaq bizə münasib idi. O, digər baş kahinlər kimi, əvvəlcə öz günahları üçün, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyildir. Çünki O Öz-Özünü qurban verməklə bunu birdəfəlik etdi. Zira Müqəddəs Qanun, zəif olan adamları baş kahin təyin edir; Qanundan sonra verilən and sözü isə, əbədi kamilləşdirilmiş Oğulu təyin etdi.
Markın müjdəsi 12, 28-34
İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?» İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur». İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur. Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir». Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.