32-ci Rəbb günü Adi dövrdə “B”ili

1 Padşahlar 17, 10-16 https://frankieslee.files.wordpress.com/2011/08/widow.jpg

O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan.

Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”». Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı. 

Z 146, 6-10

Nəqarat: Ey könlüm, Rəbbə həmd et!

Rəbb əbədi sadiq qalandır. O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir,

Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir. Rəbb qəriblərə dayaq olur.

Yetimi, dul qadını ayağa qaldırır, pislərinsə yollarını dolaşdırır.

Rəbb əbədi hökmranlıq edir, ey Sion, Allahın nəsillər boyu hökm verir!

Ibranilərə məktubu 9, 24-28

Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun. Baş kahin hər il özünün olmayan qanla Ən Müqəddəs yerə girər. Amma Məsih Özünü dəfələrlə təqdim etmək üçün göyə girmədi. Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.

Markın müjdesi 12, 38-44

İsa təlim verərək deyirdi: «Din alimlərindən özünüzü gözləyin! Onlar uzun paltarlarda gəzməyi, meydanlarda salam almağı, sinaqoqlarda baş kürsüləri və ziyafətlərdə yuxarı yerləri tutmağı sevərlər. Onlar dul qadınların evlərini talayar və riyakarcasına uzun-uzadı dualar edərlər. Bunlar daha ağır məhkumiyyətə uğrayacaqlar.» İsa ianə qutusu qarşısında oturub xalqın daxıla pul atdığını gördü. Bir çox varlılar çox pul atdılar. Amma yoxsul bir dul qadın gəlib bir kodrant məbləğində iki lepton atdı. İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm ki, bu yoxsul dul qadın qutuya pul atanların hamısından çox atdı; Çünki onların hamısı öz varlarının artıqlığından verdilər, bu qadın isə kasıblığına baxmayaraq, bütün varını, dolanmaq üçün əlində olan bütün pulunu verdi.»