33-cü Rəbb günü Adi dövrdə “A”ili

Süleymanın Məsəlləri (31, 10-13. 19-20. 30-31) 

Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir, ərinin qəlbi ondan arxayındır, dayanmadan bərəkət qazanır. Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir, yunu, kətanı tapıb seçir, əlindən hər iş zövqlə gəlir. Əlləri ilə cəhrə əyirir, iyini bərkidir. Məzlumlar üçün əliaçıqdır, fəqirlərə əl tutur. Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. Ona əlinin bəhrəsini verin, qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin. 

Z 128, 1-2. 3. 4-5

Nəqarat: : Nə bəxtiyardır Rəbdən qorxan.

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

Çünki öz əlinin bəhrəsini yeyəcəksən, xoşbəxt olub uğur qazanacaqsan.

Evində arvadın tənək kimi bar gətirəcək,

övladların zeytun pöhrələri kimi süfrənin ətrafını bürüyəcək.

Rəbdən qorxan insan belə xeyir-dua alacaq:

Rəbb Siondan sənə xeyir-dua versin,

ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,


1 Sal 5, 1-6

Qardaşlar, zamanlar və vaxtlar barədə sizə yazmağa ehtiyac yoxdur. Çünki Rəbbin günü necə ki oğru gecə gəlir, o cür gələcəyini özünüz çox yaxşı bilirsiniz. Insanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. Amma qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Axı hamınız nur oğulları və gündüz oğullarısınız. Biz nə gecəyə, nə də qaranlığa aidik. Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq.

Mt 25, 14-30

Səmavi Səltənət səyahətə çıxan bir adamın qullarını çağırıb əmlakını onlara əmanət etməsinə bənzəyir. O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. Beş talant alan dərhal gedib bunlarla ticarət etdi, daha beş talant qazandı. İki talant alan da beləcə iki talant daha qazandı. Bir talant alan isə gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.

Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant verdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant verdin. Budur, mən daha iki talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdin. Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. İndi əlindəki talantı ondan alın və on talantı olana verin! Çünki kimdə varsa, ona daha çox veriləcək və o bolluq içində olacaq, amma kimdə yoxdursa, əlində olan da ondan alınacaq. Yaramaz qulu isə çölə, qaranlığa atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.