33-cü Rəbb günü Adi dövründə “B” ili

Daniel 12, 1-3

O dövrdə xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan o vaxta qədər olmamış əzablı dövr gələcək. O dövrdə sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. Torpağın altında yatanların çoxu əbədi həyat, bə’zisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq.

 

Z 16, 5. 8-11

Nəqarat: Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm.

 

Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, püşkümə düşən Səndən asılıdır. Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram.

 

Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, cismim əmin-amanlıqda yaşayır.

Çünki məni ölülər diyarına atmazsan, mömin insanını qəbrə salmazsan.

 

Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var.

 

Ibranilərə məktubu 10, 11-14. 18

Hər kahin gündən-günə xidmətini yerinə yetirərək, əsla günahları aradan qaldırmağa qadir olmayan eyni qurbanları dəfələrlə təqdim edir. Məsih isə günahlar üçün tək bir qurban təqdim edib, əbədi olaraq Allahın sağında oturdu. Bundan sonra O Öz düşmənlərinin Öz ayaqlarının altına kətil olaraq qoyulmasını gözləyir. Zira O, ancaq bir qurban təqdim etməklə, təqdis olunanları həmişəlik kamilləşdirdi. Günahların bağışlanması olan yerdə isə günahdan ötrü daha qurban təqdim edilməz.

 

Markın müjdesi 13, 24-32

Isa Məsih dedi: Lakin o günlərdə, o məşəqqətdən sonra günəş qaralacaq, ay işığını verməyəcək,

Ulduzlar göydən düşməyə başlayacaq və göy cisimləri sarsılacaqdır. O zaman İnsan Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcəklər. O vaxt O, mələklərini göndərəcək və Onun seçdiklərini yerin ucundan ta göyün ucuna qədər, dörd külək istiqamətindən toplayacaqdır. İndi əncir ağacından ibrət alın: onun budağı yumşalıb, yarpaqları açılan zaman bilirsiniz ki, yay yaxındır. Eləcə də siz bu şeylərin baş verdiyini görəndə, bilin ki, İnsan Oğlu yaxındır, qapılardadır. Sizə doğrusunu deyirəm: Bütün bu şeylər baş verincəyə qədər bu nəsil keçib getməyəcəkdir. Göy və yer keçib gedəcək, amma Mənim sözlərim keçib getməyəcəkdir.

Lakin o günü, o saatı nə göydəki mələklər, nə də Oğul bilir; Atadan başqa heç kim bilmir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *