34-cü Rəbb günü Adi dövrdə: Məsih – Padşah

Yez 34, 11-12. 15-17

Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam. Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam. Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir. “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq bəslənmiş və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”. Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: “Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm.

Z 23, 1-2a. 2b-3. 5. 6

Nəqarat: Rəbb mənim çobanımdır, möhtac olmaram.

Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir.

Sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolu ilə aparır.

Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.

Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan.

Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

1 Kor 15, 20-26. 28

Əslində Məsih ölülər arasından, vəfat edənlərdən ilki olaraq dirildi. Ölüm bir insanın vasitəsilə gəldiyinə görə, ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi, Məsihdə də hamı həyata qovuşacaq. Hər biri öz növbəsi ilə: ilk növbədə Məsih, sonra Məsihin gəlişində Məsihə məxsus olanlar həyata qovuşar. Bundan sonra O hər başçını, hər hakimi və qüvvəni aradan götürüb Səltənəti Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. Çünki Allah Onun bütün «düşmənlərini ayaqlarının altına salanadək» O səltənət sürməlidir. Aradan götürüləcək son düşmən isə ölümdür. Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.

Mt 25, 31-46

Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.

O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Səltənəti irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, Mənə baş çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.

Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yedirdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?”

Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.

O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblis ilə onun mələklərinə hazırlanmış olan əbədi alova yollanın! Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, yanıma gəlmədiniz”.

Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?”

O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlər isə əbədi həyata gedəcək».