34-cü Rəbb günü: İsa Məsih – kainatın padşahı “B” ili

Daniel 7, 13-14

Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər birisi göyün buludları ilə gəlir. O, əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyəcək, əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.

Zəbur 93, 1-2. 5

Nəqarat: Rəbb hökmranlıq edir, Onu mədh edək.

Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb.

Dünya möhkəm durub, sarsılmazdır. Ya Rəbb, taxtın əvvəldən qurulub, əzəldən Var olan Sənsən.

Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.

Vəhy 1, 5-8

Ölülərdən ilk olaraq doğulan, dünya hökmdarlarının Rəisi olan sadiq Şahid İsa Məsihdən sizə lütf və sülh olsun. Bizi sevən, Öz qanı ilə günahlarımızdan bizi təmizləyən, bizi Öz Atası Allahın xidmətində hökmdarlar və kahinlər təyin edən Məsihə əbədi olaraq izzət və qüdrət olsun. Amin. Budur O, buludlarla gəlir! Və hər göz, Onun bədənini dələnlər belə, Onu görəcək; və dünyanın bütün qəbilələri Onun üçün sinə döyəcəklər. Bəli, amin. Var Olan, Var Olmuş və Gələcək, Küll-İxtiyar olan Rəbb Allah deyir: «Mənəm Alfa və Omeqa, Başlanğıc və Son.

Yəhyanın müjdəsi 18, 33-37

Pilat yenə Pretoriuma girib İsanı çağırdı və Ona dedi: «Sən Yəhudilərin Hökmdarısanmı?»

İsa cavab verib dedi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqalarımı Məndən sənə bəhs etdilər?» Pilat cavab verdi: «Məgər mən yəhudiyəm? Səni öz xalqın və baş kahinlər mənə təslim etdilər. Nə etmisən?» İsa cavab verdi: «Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, Mən yəhudi idarəçilərə təslim edilməyim; lakin indi Mənim Səltənətim buradan deyildir.» Pilat Ona dedi: «Demək Sən hökmdarsan?» İsa cavab verdi: «Doğru deyirsən: Mən hökmdaram. Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimi eşidir.»