4-cü Rəbb günü Adi dövrdə C ili
Yeremya 1, 4-5. 17-19
Mənə Rəbbin bu sözü nazil oldu:
«Mən sənə ananın bətnində surət verməzdən əvvəl səni tanıdım, doğulmazdan əvvəl səni təqdis edib millətlərə peyğəmbər etdim». Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa mən də səni onların önündə qorxuya salacağam.
Budur, mən bu gün səni bütün ölkənin, Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.
Zəbur 71(70) 1-6. 15-17
Nəqarat: Ya Rəbb, qurtuluşunu dilim bəyan edir.
Ya Rəbb, Sənə pənah gətirirəm, heç vaxt məni xəcalətdə qoyma.
Məni ədalətinlə qurtar, xilas et, qulağını mənə sarı döndər, məni azad et.
Mənə sığınacaq qaya ol, qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən. Ey Allahım, şər insanın əlindən.
Ey Xudavənd, Sən mənim ümidimsən, ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
Doğulduğum gündən bəri dayağımsan, məni ana bətnindən dünyaya gətirmisən, həmişə Sənə həmd edirəm.
Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, sayını bilməsəm də.
Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm.
Korinflilərə birinci məktubu 13, 4- 13
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz, kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz, haqsızlığa sevinməz, həqiqətə isə şadlanar; hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər.