4-cü Rəbb günü Adi dövrdə C ili

Yeremya 1, 4-5. 17-19

Mənə Rəbbin bu sözü nazil oldu:

«Mən sənə ananın bətnində surət verməzdən əvvəl səni tanıdım, doğulmazdan əvvəl səni təqdis edib millətlərə peyğəmbər etdim». Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə.

Onlardan qorxma, yoxsa mən də səni onların önündə qorxuya salacağam. Budur, mən bu gün səni bütün ölkənin, Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. 

Zəbur 71(70) 1-6. 15-17

Nəqarat: Ya Rəbb, qurtuluşunu dilim bəyan edir.

Ya Rəbb, Sənə pənah gətirirəm, heç vaxt məni xəcalətdə qoyma.

Məni ədalətinlə qurtar, xilas et, qulağını mənə sarı döndər, məni azad et.

Mənə sığınacaq qaya ol, qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən. Ey Allahım, şər insanın əlindən.

Ey Xudavənd, Sən mənim ümidimsən, ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.

Doğulduğum gündən bəri dayağımsan, məni ana bətnindən dünyaya gətirmisən, həmişə Sənə həmd edirəm.

Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, sayını bilməsəm də.

Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm.

Korinflilərə birinci məktubu 13, 4- 13

Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz, kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz, haqsızlığa sevinməz, həqiqətə isə şadlanar; hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər.

Peyğəmbərlik ləğv olsa da, dillər sussa da, bilik aradan qalxsa da, məhəbbət əsla tükənməz. Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur.

Kamil olan gəldiyi zaman, nisbi olan aradan qalxacaq.

Mən körpə ikən, körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi mühakimə edərdim; boya-başa çatdıqda isə, körpə davranışlarını tərk etdim. İndi biz hər şeyi sanki güzgüdə görər kimi xəyalən görürük, o zaman isə üzbəüz görəcəyik; indi biliyim məhduddur, o zaman isə dərk edildiyim kimi dərk edəcəyəm. İndi isə üç şey baqidir: iman, ümid, məhəbbət; amma məhəbbət bunların hamısından üstündür.

Lukanın müjdəsi 4, 21-30

İsa onlara söyləməyə başladı: «Eşitdiyiniz bu Yazı bu gün icra edildi.»

Hamı da Onun haqqında yaxşı sözlər söyləyir, Onun ağzından çıxan lətif kəlamlara heyran olur və: «Bu, Yusifin oğlu deyilmi?» – deyirdi.

İsa onlara dedi: «Əlbəttə, siz Mənə: “Ey həkim, öz-özünü sağalt!” məsəlini söyləyəcəksiniz və: “Kefernahumda vaqe olduğunu eşitdiyimiz şeyləri burada, Öz məmləkətində də et”, – deyəcəksiniz.»

Və əlavə etdi: «Sizə doğrusunu deyirəm: Heç bir peyğəmbər öz məmləkətində qəbul olunmur. Həqiqəti sizə deyirəm ki, İlyasın günlərində İsraildə bir çox dul qadın var idi; səma üç il altı ay qapandığı və bütün ölkədə dəhşətli qıtlıq olduğu vaxt, İlyas onlardan heç birinin yanına göndərilmədi; yalnız Saydadakı Sarafat şəhərində olan bir dul qadının yanına göndərildi.

Və Elişa peyğəmbərin zamanında İsraildə bir çox cüzamlı vardı; yalnız Suriyalı Namandan başqa, onlardan heç biri saflaşdırılmadı.»

Sinaqoqdakıların hamısı bunları eşidib qəzəbləndi, və qalxıb, İsanı şəhərdən qovdular. Onu, üzərində onların şəhəri salınmış dağın başına apardılar ki, aşağı atsınlar. Amma İsa onların arasından keçib getdi.