4-cü Rəbb günü Oruc dövründə C ili
Yeşua 5, 9-12
Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». Ona görə də bu günə qədər o yerin adına Qilqal deyilir. İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər. Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər. Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar.
Zəbur 34, 1-6
Nəqarat: Dadın, görün Rəbb nə qədər şirindir.
Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!
Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
Rəbbə baxan nur saçar, üzü qızarmaz.
Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, bütün əzablarımdan məni xilas etdi.
Korinflilərə ikinci məktubu 5, 17-21
Buna görə kim Məsihdədirsə, yeni məxluqdur; köhnə şeylər keçdi, indi hər şey yeni oldu.
Bunların hamısı isə Allahdandır. O Allahdan ki, bizi Məsih vasitəsilə Özü ilə barışdırmış və bizə barışdırma xidmətini vermişdir. Yəni, Allah, Özü ilə dünyanı barışdıranda, insanlara günah saymayanda və bizə barışdırma sözünü həvalə edəndə Məsih içində idi. Deməli biz Məsihin səfirləriyik, sanki Allah bizim vasitəmizlə insanlara müraciət edir. Məsih naminə rica edirik ki, Allahla barışasınız. Çünki günah nə olduğunu bilməyən Məsihi O, əvəzimizə günah qurbanı etdi ki, biz Onun sayəsində Allahın salehliyi ilə eyniləşək.
Lukanın müjdəsi 15, 1-3. 11-32
Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün ona yaxınlaşırdılar. Fəriseylər və din alimləri: «O, günahkarları qəbul edir və onlarla yemək yeyir», – deyə gileylənirdilər. Amma İsa onlara aşağıdakı məsəli çəkdi: «Bir nəfərin iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Malikanədən mənə düşən hissəni mənə ver.” Və atası malikanəni onların arasında böldü.
Bir neçə gün sonra, kiçik oğlu nəyi vardısa yığıb uzaq bir məmləkətə getdi. Orada səfahətlə yaşayaraq bütün varını puç etdi. Və hamısını xərclədikdən sonra, o ölkədə böyük bir aclıq oldu və o, ehtiyac duymağa başladı. Gedib o ölkənin sakinlərindən birinin xidmətinə girdi, o isə onu öz tarlalarında donuz otarmağa göndərdi. Donuzların yediyi keçi buynuzu ağacı qabıqları ilə qarnını doydurmağa şad olardı, amma kimsə ona bir şey vermirdi. Və özünə gəldikdə dedi: “Atamın nə qədər muzdlu işçisi vardır, hamısının da bolluca çörəyi var, mən isə burada acından ölürəm! Durub atamın yanına gedib deyəcəyəm: Ata! Mən göyə və sənə qarşı günah işlətdim,
Və artıq sənin oğlun adlanmağa layiq deyiləm; məni öz muzdlu işçilərinin sırasına al.” Durub öz atasının yanına getdi. Hələ uzaqda ikən atası onu görüb ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul isə dedi: “Ata! Mən göyə və sənə qarşı günah işlətdim və artıq sənin oğlun adlanmağa layiq deyiləm.” Atası isə öz qullarına dedi: “Ən gözəl xalat gətirib onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın, və kökəldilmiş dananı gətirin, kəsin: yeyib şadlanaq!
Çünki bu oğlum ölmüşdü – dirildi; qeyb olmuşdu – tapıldı.” Və şənlik etməyə başladılar. Onun böyük oğlu isə tarlada idi; və qayıdarkən, evə yaxınlaşdığı zaman, musiqi və rəqs səsləri eşitdi.
Nökərlərdən birini çağırıb soruşdu: “Bu nədir?” O, ona dedi: “Sənin qardaşın qayıdıb, atan isə kökəldilmiş dananı kəsib, çünki onu sağ-salamat tapıb.” Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası da çıxıb ona yalvardı. Amma o, atasına cavab verib dedi: “Budur, mən neçə illərdir ki, sənə xidmət edirəm və heç zaman sənin əmrini pozmamışam; lakin sən bir dəfə də olsun mənə oğlaq belə vermədin ki, mən öz dostlarımla şənlik edim. Bu oğlun isə sənin bütün varını əxlaqsız qadınlarla puç edib gəldiyi zaman, sən onun üçün kökəldilmiş dananı kəsdin.”
Atası isə ona dedi: “Oğlum! Sən həmişə mənimləsən və mənim bütün əmlakım sənindir; Lakin sevinmək və şadlanmaq lazımdır ki, sənin bu qardaşın ölmüşdü – dirildi; qeyb olmuşdu – tapıldı.”»