4-cü Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 13, 14.43-52)
Paul və Barnaba yollarına davam edib Pergedən Pisidiyalı Antakyaya çatdı. Şənbə günü sinaqoqa girib oturdular. Sinoqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki, bütün şəhər əhalisi toplaşmışdı. İzdihamı görən Yəhudiləri paxıllıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb onu söydülər. Paulla Barnaba isə qorxmadan dedi: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Siz ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün, biz indi başqa millətlərə üz tuturuq. Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur edəcəyəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”». Yəhudi olmayanlar bunu eşidərkən sevindilər və Rəbbin kəlamını ucaltdılar. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təhrik edib Paulla Barnabanı təqib edərək o bölgədən kənara çıxartdı. Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdi. Şagirdlər isə Müqəddəs Ruhla dolmuşdu; onları sevinc bürümüşdü.
Z 100, 2. 3. 5
Nəqarat: Biz Rəbbin xalqıyıq, otlağında otardığı sürüyük.
Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, sevinclə Rəbbə qulluq edin, mədh oxuyaraq Onun hüzuruna gəlin!
Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik,
xalqıyıq, otlağında otardığı sürüyük.
Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, sədaqəti nəsillərdən-nəslə çatır!
Vəhy kitabından sözlər (Vəhy 7, 9.14b-17)
Mən, Yəhya, bundan sonra baxıb gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun hüzurunda dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. Buna görə də Onlar Allahın taxtının önündədir, gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da onların üzərində məskən salacaq. Onlar bir daha nə ac, nə də susuz qalacaq, günəş və qızmar isti onları vurmayacaq. Çünki taxtın ortasında olan Quzu onların Çobanı olacaq, onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».
Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 10, 27-30)
İsa dedi: Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Atam Mənə nə veribsə, her şeydən üstündür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik».