5-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 58, 7-10

Rəbb deyir: Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?

Onda şəfəq kimi nurunuz saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq.

O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi, aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, cani-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq.

Z 112, 4-5. 6-7. 8a+9

Nəqarət: Saleh adamlar üçün nur doğar.

Zülmətdə belə, əməlisaleh insanlar üçün, lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.

Səxavətlə borc verən, hər işini ədalətlə görən yaxşı insandır.

Belə adam əsla sarsılmaz, saleh insan heç zaman unudulmaz.

Onu pis xəbərlər qorxutmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir.

Cəsur ürəklidir, düşmənlərinin süqutunu görənədək qorxmaz.

Əliaçıqlıqla fəqirlərə paylar, sonsuzadək salehliyindən dönməz, ona görə hörməti, qüdrəti ucalar.

1 Kor 2, 1-5

Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. Yanınıza zəiflik, qorxu içində gəldim və tir-tir titrəyirdim. Mənim sözüm də, təbliğim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.

 

Mt 5, 13-16

Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb ayaq altında tapdalanmaqdan başqa bir şeyə yaramaz. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. Sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görüb göylərdə olan Atanıza həmd etsinlər.