5-ci Rəbb günü Adi dövrdə C ili

Yeşaya 6, 1-8 

Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur». 

Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. Mən dedim: «Vay, həlak oldum! Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm». Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi, pisliyin silindi, günahın bağışlandı». Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər».

Zəbur 138, 1-5. 7-8

Nəqarat: Ya Rəbb, mələklərlə birlikdə Sənə mədh edəcəm.

Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm. Müqəddəs məbədinə tərəf səcdə edirəm.

Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.

Səni çağıranda mənə cavab vermisən, canıma taqət verib məni ürəkləndirmisən.

Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, çünki ağzından çıxan kəlamları eşidiblər. Rəbbin yollarını tərənnüm edəcəklər, çünki Rəbbin ehtişamı böyükdür.

Məni sağ əlinlə qurtarırsan. Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!

Korinflilərə birinci məktubu 15, 3-8. 11

Çünki mənim də aldığım bu ən ümdə təlimi sizə təslim etdim, yəni Məsih, Müqəddəs Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü, və basdırıldı, üçüncü gündə isə Müqəddəs Yazılara uyğun olaraq dirildi. Əvvəlcə Kefaya, sonra da Onikilərə göründü. Bundan sonra eyni vaxtda beş yüzdən çox qardaşa göründü. Bu qardaşlardan çoxu indi də sağdır, bəziləri isə vəfat ediblər. Daha sonra O, Yaquba və bunu mütəaqib bütün həvarilərə göründü. Hamıdan sonra isə vaxtından əvvəl doğulan bir uşaq kimi olan mənə də göründü. Xülasə mənmi, onlarmı, biz belə vəz edirik və siz belə iman etdiniz.

Lukanın müjdəsi 5, 1-11

BİR DƏFƏ xalq Allahın kəlamını dinləmək məqsədilə İsanın ətrafına yığışanda O, Ginesar gölünün sahilində durmuşdu. O gölün kənarında iki qayığın durduğunu gördü; balıqçılar isə qayıqlardan çıxıb torlarını yuyurdular. İsa qayıqlardan birinə mindi. Bu qayıq Şimonun idi və İsa ondan xahiş etdi ki, sahildən bir az aralansın. Qayıqda oturub xalqa təlim verirdi. Sözünü bitirdikdə Şimona dedi: «Dərin yerə sürün və ov üçün torlarınızı suya atın.» Şimon cavabında Ona dedi: «Ustad! Bütün gecə çalışdıq, heç bir şey tuta bilmədik, amma Sənin sözünə görə torları atacağam.» Bunu edən kimi çoxlu balıq tutdular, hətta torları yırtılırdı. O biri qayıqda olan yoldaşlarına işarə etdilər ki, gəlib onlara yardım etsinlər. Onlar gəldilər və hər iki qayığı balıqla doldurdular, belə ki, qayıqlar batmağa başladı. Şimon Peter bunu gördükdə: «Ya Rəbb, məndən uzaqlaş; çünki mən günahkar bir adamam», – deyərək İsanın dizlərinə düşdü. Çünki ovladıqları balıqların çoxluğundan onu və onunla olanların hamısını heyrət bürümüşdü. Eyni zamanda Şimonun yoldaşları olan Zevedeyin oğlanları Yaqub və Yəhyanı da. İsa Şimona dedi: «Qorxma, bu gündən etibarən insanları tutacaqsan.» Qayıqları sahilə çıxararaq, hər şeyi atıb, Onun ardınca getdilər.