5-ci Rəbb günü Oruc dövründə C ili
Dənizdə və azğın sularda yol, riz açan, atlarla döyüş arabalarını, igid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir: «Onlar yıxılıb, qalxa bilməyəcək, basdırılıb piltə kimi söndürüldü. Əvvəlki şeyləri yada salmayın, köhnə hadisələr barəsində düşünməyin. Budur, Mən təzə bir şey edirəm, o artıq baş verir, məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, quru torpaqda çaylar yaradacağam. Mənim seçdiyim xalqıma su içirtmək üçün çöllükdə su verdiyimə görə, quru torpaqda çaylar yaratdığıma görə, vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq. Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
Z 126, 1-2b. 2c-3. 4-5. 6
Nəqarat: Rəbb bizim üçün böyük işlər gördüyünə görə sevinirik.
Rəbb Siona bəxtəvər günlərini qaytaranda bizə röya kimi gəldi.
Dodaqlarımızdan gülüş tökülürdü, dilimizdən sevinc harayı yüksəlirdi.
Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».
Bunun üçün sevinirik, çünki Rəbb bizim üçün böyük işlər görüb.
Selləri Negevə qaytardığın kimi ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
Qoy göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçsinlər.
Ağlaya-ağlaya toxum daşıyıb əkən
sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.
Flp 3, 8-14
Bundan əlavə Rəbbim Məsih Isanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı saymışam ki, Məsihi qazanıb Onda hesab olunum. Qanuna əsaslanan şəxsi salehliyimə deyil, Məsihə imandan yaranan, Allahdan gələn və imana əsaslanan salehliyə malikəm. Belə ki Onu və Onun dirilmə qüdrətini, iztirablarına şərikliyi dərk edim və ölümdə Ona bənzəyim ki, nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum. Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih Isa məni bu məqsəd üçün tutub. Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün yarışıram və hədəfə doğru qaçıram ki, mükafat alım, yəni Allahın Məsih Isa vasitəsilə etdiyi səmavi çağırışa nail olum.
Yəh 8, 1-11
İsa Zeytun dağına getdi. Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb İsaya dedilər: «Müəllim, bu qadın zina edən zaman yaxalandı. Musa Qanunda bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?» Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazırdı. Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın». Sonra yenə əyilib yerə yazı yazmağa başladı. Bu sözləri eşidəndə qocadan başlayaraq hamı bir-bir oradan uzaqlaşdı. İsanı tək qoydular, qadın da ortada idi. İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdi? Bəs heç kim səni məhkum etmədi?» Qadın «heç kim, ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
