5-ci Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 14, 21-27) https://frbonnie.files.wordpress.com/2013/04/love-with-key1.jpg

Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyalı Antakyaya qayıtdı. Şagirdlərini ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirdilər və dedilər: «Allahın səltənətinə çoxlu çətinliklərdən keçib girməliyik». İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə Kəlamı yayandan sonra Antalyaya getdilər. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların yerinə yetirəcəkləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, Yəhudi olmayan millətlərə iman qapısını necə açdığını söylədilər.

Z 145, 8-9. 10-11. 12-13b

Nəqarat: Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir.

Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər.

Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, möminlərin Sənə alqış edəcək. Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.

Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin. Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır.

Vəhy kitabından sözlər (Vəhy 21, 1-5)

Mən, Yəhya, yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarli və həqiqidir».

Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 13, 31-35)

Yəhuda İskaryot çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməyəcəksiniz” dediyim kimi indi də bunu sizə söyləyirəm. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».