6-cı Rəbb günü Adi dövrdə C ili
Yeremya 17, 5-8 
Rəbb belə deyir: «O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır, ürəyi Rəbdən ayrılır. O, çöldəki yulğun ağacı kimi olacaq, xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə heç kəs yaşamayan şoranlıqda sakin olacaq. Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz».
Zəbur 1, 1-3, 4. 6
Pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
O ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu təlimatı dərin düşünər.
Axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar.
Pis adamlar belə deyil, onlar ancaq yelin sovurduğu saman çöpünə bənzər.
Çünki Rəbb salehlərin yolunu qoruyur, pislərinsə yolu onları ölümə aparır.
Korinflilərə birinci məktubu 15, 12. 16-20
Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülərdən dirildi, sizlərdən bəziləri ölülərdən dirilmənin olmadığını necə söyləyə bilər? Çünki əgər ölülər dirilmirsə, Məsih də dirilməmişdir və əgər Məsih dirilməmişdirsə, deməli imanınız da bihudədir; siz hələ öz günahlarınızın içindəsiniz. Buna görə Məsihin yolunda gözlərini həyata yumanlar da həlak oldular. Əgər biz yalnız bu həyat üçün Məsihə ümid bəsləmişiksə, bizə bütün insanlardan çox acımaq lazımdır. Lakin Məsih vəfat edənlərin ilk nümunəsi olaraq, ölülərdən dirildi.
Lukanın müjdəsi 6, 17-26
İsa həvariləri ilə bərabər aşağı endi və düz bir yerdə durdu. Orada Onun çoxlu şagirdləri var idi və bütün Yəhudeyadan, Yerusəlimdən, Sayda və Sur sahillərindən çoxlu adam gəlmişdi ki, Onu dinləsin və öz xəstəliklərindən qurtulsunlar. Murdar ruhlardan əzab çəkənlər də şəfa tapdılar. Bütün xalq Ona toxunmağa çalışırdı; çünki Ondan qüvvət axır və hamısını sağaldırdı.
İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız yoxsullar! Çünki Allah Səltənəti sizindir. Nə bəxtiyarsınız indi ac olanlar! Çünki tox olacaqsınız. Nə bəxtiyarsınız indi ağlayanlar! Çünki güləcəksiniz. İnsan Oğluna görə insanların sizə nifrət edib cəmiyyətdən qovacaqları, sizi təhqir edib, adınızı pisləyəcəkləri zaman siz nə bəxtiyarsınız! O gündə sevinin və sevincdən atılıb-düşün; çünki göydə mükafatınız böyükdür. Onların ataları da peyğəmbərlər ilə belə rəftar etmişlər. Əksinə, vay sizə, ey varlılar! Çünki siz təsəllinizi almısınız. Vay sizə, ey indi tox olanlar! Çünki acacaqsınız. Vay sizə, ey indi gülənlər! Çünki yas tutub ağlayacaqsınız. Bütün insanlar sizin üçün yaxşı söylədikləri zaman, vay sizə! Çünki onların ataları yalançı eyğəmbərlər ilə də belə rəftar etmişlər.