6-cı Rəbb Günü Oruc dövründə: İsa Məsihin Yerusəlimə girişi bayramı.

Müqəddəs Luka tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Luka 19, 28-40) 

İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. Zeytun dağı adlanan dağın yamacında yerləşən Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən Öz şagirdlərindən ikisini göndərdi. O dedi: “Qarşınızdakı kəndə gedin. Oraya girəndə indiyə qədər heç kəsin minmədiyi bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. Kim sizdən soruşsa: Nə üçün sıpanı açırsınız?, ona belə deyərsiniz: Bu sıpa Rəbbə lazımdır”. 

Göndərilənlər gedib hər şeyi Onun dediyi kimi tapdı. Onlar sıpanı açanda onun sahibləri onlara dedi: “Bu sıpanı nə üçün açırsınız?” Onlar cavab verdilər: “Bu sıpa Rəbbə lazımdır”. Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı ona mindirdilər. O irəliləyərkən insanlar öz paltarlarını yola döşəyirdi. İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allahı həmd etməyə başladı. Onlar deyirdi: “Rəbbin ismi ilə gələn Padşaha alqış olsun! Göylərdə sülh, ən ucalarda izzət olsun!” İzdihamın arasından bəzi fariseylər Ona dedilər: “Ay Müəllim, Öz şagirdlərinə bir acıqlan!” Lakin İsa cavabında onlara dedi: “Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!”

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 50, 4-7)

Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü, saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.

Məzmur (22{21} 7-8. 16-19. 22-23)

Nəqarat: Allahım, Allahım! Niyə məni tərk etdin?

Məni hər görən lağ edir, dodaq büzüb, başını yırğalayıb belə deyir:

«Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».

Şər insanlar dəstəsi məni dövrəyə aldı, it sürüsü kimi yan-yörəmi bürüdülər.

Ayaqlarımı, əllərimi deşdilər. Sümüklərimi saya bilirə.

Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar.

Ya Rəbb, uzaq durma, ey mənim Qüdrətlim, tez dadıma çat!


İsmini soydaşlarıma elan edəcəyəm, toplantı arasında Sənə həmd söyləyəcəyəm:

«Siz, ey Rəbdən qorxanlar, Ona həmd edin, ey bütün Yaqub nəsli, Onu şərəfləndirin.

Siz, ey İsrail nəsli, Ona ehtiram edin!


Müqəddəs Pavelin Filipililərə məktubundan sözlər (Flp 2, 6-11)

Allah surətində olduğu halda O, Allahla bərabərliyi istifadə edəcəyi bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıxa çəkilərək ölümə qədər itaətkarlıq göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona bütün adlardan ali bir adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı Isanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti naminə Isa Məsihin Rəbb olduğunu bəyan etsin.

Müqəddəs Luka tərəfindən yazılan İsa Məsihin Əzabları və Ölümü (Luka 22, 14- 23, 56)

Vaxt çatanda, İsa on iki həvari ilə bərabər süfrə başında oturdu.

Və onlara dedi: «Mən çox arzulayırdım ki, əzab çəkməzdən əvvəl bu pasxanı sizinlə bərabər yeyim.

Çünki sizə deyirəm, pasxa Allahın Səltənətində kamala çatmayınca, Mən bir daha onu yeməyəcəyəm.»

Sonra bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün;

Çünki sizə deyirəm, Allahın Səltənəti gəlməyincə meynənin məhsulundan içməyəcəyəm.»

Sonra çörək götürdü, şükür edib onu parçaladı və onlara verərək dedi: «Bu, sizin üçün fəda edilən bədənimdir; bunu Məni anmaq üçün edin.»

Eləcə də, axşam yeməyindən sonra, kasanı götürüb dedi: «Bu kasa Mənim sizin üçün tökülən qanımla gerçəklənən Əhdi-Cədiddir.

Amma budur, Mənə xəyanət edənin əli Mənimlə bərabər süfrə başındadır.

İnsan Oğlu doğrudan da qabaqcadan müəyyən edilmiş yoldan gedir. Amma vay o adamın halına ki, İnsan Oğlu onun vasitəsi ilə ələ verilir.»

Və onlar bir-birindən soruşmağa başladılar ki, onlardan kim bu işi görə bilər.

Onların arasında bir mübahisə də oldu: onlardan kim ən böyük sayılmalıdır.

İsa isə onlara dedi: «Hakimlər xalqlar üzərində hökm sürürlər və bu hökmdarlıq edənlərə havadar deyirlər;

Siz isə belə olmamalısınız; lakin aranızda ən böyük olan ən kiçik kimi olsun və rəislik edən xidmətkar kimi olsun.

Axı kim daha böyükdür: süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mən isə sizin aranızda xidmətkar kimiyəm.

Amma keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz,

Və Atam Mənə bir səltənət tapşırdığı kimi Mən də sizə bir səltənət tapşırıram ki,

Mənim Səltənətimdə süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.»

Və Rəbb dedi: «Şimon, Şimon! Şeytan sizləri tələb etdi ki, buğda kimi xəlbirləsin.

Amma Mən sənin üçün dua etdim ki, imanın azalmasın; sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver.»

O, İsaya cavab verdi: «Ya Rəbb! Səninlə zindana da, ölümə də getməyə hazıram.»

Amma İsa dedi: «Peter, sənə deyirəm ki, bu gün xoruz banlamazdan qabaq, sən Məni tanıdığını üç dəfə inkar edəcəksən.»

Və onlara dedi: «Mən sizi kisəsiz, çantasız və çarıqsız göndərdiyim zaman bir şeyiniz əskikmi idi?» Onlar cavab verdilər: «Heç bir şeyimiz.»

O zaman İsa onlara dedi: «İndi isə, kisəsi olan onu götürsün və çanta da götürsün; qılıncı olmayan da öz paltarını satıb qılınc alsın;

Çünki sizə deyirəm ki, bu yazılmış olan: “O, günahkarlarla bir sayıldı” sözü Mənim tərəfimdən icra olunmalıdır. Çünki Mənim barəmdəki sözlər yerinə yetir.»

Onlar dedilər: «Ya Rəbb! Budur, burada iki qılınc var.» O isə onlara dedi: «Kifayətdir.»

Və çıxıb adəti üzrə Zeytun dağına getdi və Onun şagirdləri də Onun ardınca getdilər.

Oraya çatdıqda, İsa onlara dedi: «Dua edin ki, imtahana uğramayasınız.»

Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb:

«Ey Ata, əgər istəyirsənsə, bu kasanı Məndən uzaqlaşdır; amma Mənim iradəm deyil, qoy Səninki olsun», – deyərək dua etməyə başladı.

Göydən bir mələk Ona göründü və Ona qüvvət verdi.

İsa şiddətli iztirab içində olaraq daha sə’ylə dua edirdi; və Onun təri yerə daman qan damlalarına bənzəyirdi.

Duadan qalxıb O, şagirdlərin yanına gəldi, onları kədərdən yatmış tapdı,

Və onlara dedi: «Siz nə üçün yatırsınız? Qalxın və dua edin ki, imtahana uğramayasınız.»

İsa hələ danışmaqda ikən bir izdiham göründü. Və onların qabağında Onikilərdən Yəhuda adlı birisi gəlirdi. O, İsanı öpmək üçün yaxınlaşdı.

İsa isə ona dedi: «Yəhuda! İnsan Oğlunu öpüşləmi satırsan?»

İsa ilə olanlar işin nə yerdə olduğunu görərək Ona dedilər: «Ya Rəbb! Qılıncla vuraqmı?»

Və onlardan biri baş kahinin qulunu vurub sağ qulağını saldı.

Onda İsa dedi: «Buraxın, yetər.» Və qulun qulağına toxunaraq onu sağaltdı.

İsa üzərinə yeriyən baş kahinlərə, mə’bəd mühafizlərinin rəislərinə və ağsaqqallara dedi: «Bir quldura qarşı imiş kimi qılınc və payalarla /Məni tutmağamı/ gəlmisiniz?

Mən hər gün sizinlə bərabər mə’bəddə olarkən siz Mənə əl qaldırmadınız; amma indi sizin vaxtınızdır və zülmət səltənətidir.»

İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan ardınca gedirdi.

Onlar həyətin ortasında ocaq qalayıb birlikdə oturarkən, Peter də onların arasında oturdu.

Qarabaşlardan biri onu ocağın işığında oturan gördükdə, ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə idi.»

Amma Peter: «Mən Onu tanımıram, ay arvad», – deyərək Onu inkar etdi.

Bir az sonra başqası onu görüb dedi: «Sən də onlardansan.» Amma Peter: «Deyiləm, ağa», – dedi.

Təqribən bir saat vaxt keçdi və başqa bir adam tə’kidlə dedi: «Doğrudan da bu adam da Onunla idi; çünki o da Qalileyalıdır.»

Amma Peter dedi: «Ağa, sənin danışdıqlarını anlamıram.» Və elə o anda, o hələ danışırdı ki, xoruz banladı.

Onda Rəbb dönüb Peterə baxdı; və Peter Rəbbin ona: «Xoruz banlamazdan qabaq, sən Məni üç dəfə inkar edəcəksən», – dediyi sözü xatırladı.

Və oradan çıxıb hönkür-hönkür ağladı.

İsanı tutub saxlayan adamlar Ona lağ edir və Onu döyürdülər;

Onun gözlərini bağlayıb Onun üzünə vururdular və Ondan soruşurdular: «Peyğəmbərliyini göstər görək, Səni vuran kimdir?»

Və Ona qarşı bir çox başqa küfrlər də söyləyirdilər.

Səhər açıldıqda xalqın ağsaqqalları, baş kahinlər və din alimləri toplaşdılar və Onu öz Sinedrionlarına apardılar,

Və dedilər: «Bizə de görək, Məsih Sənsənmi?» O, onlara dedi: «Əgər sizə desəm, inanmazsınız;

Və əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz və Məni buraxmayacaqsınız;

Bundan sonra isə İnsan Oğlu Qadir Allahın sağında oturacaqdır.»

Və hamı dedi: «Deməli, Sən Allahın Oğlusan?» O, onlara cavab verdi: «Dediyiniz kimidir, Mənəm.»

Onlar isə dedilər: «Daha şəhadətə nə ehtiyacımız var? Çünki biz özümüz Onun ağzından eşitdik.»

Sinedrion üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardılar.

Və Onu ittiham etməyə başlayaraq dedilər: «Biz bu Adamı xalqı yoldan çıxarmaqda, qeysərə vergi verməyi qadağan etməkdə və Özünə Hökmdar Məsih adını verməkdə təqsirli tapdıq.»

Pilat Ondan soruşdu: «Sən Yəhudilərin Hökmdarısanmı?» O da cavabında ona dedi: «Dediyin kimidir.»

Pilat baş kahinlərə və xalqa dedi: «Mən bu Adamda bir günah görmürəm.»

Amma onlar tə’kid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada tə’lim verərək xalqı həyəcana gətirir.»

Pilat Qalileya barədə eşidərək soruşdu: «Məgər bu Adam Qalileyalıdır?»

Və Onun Hirodun vilayətindən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlərdə Hirod da Yerusəlimdə idi.

Hirod İsanı gördükdə çox sevindi, çünki Onu çoxdan görmək istəyirdi; Onun haqqında çox şeylər eşitmişdi və Ondan bir mö’cüzə görmək arzusunda idi.

Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.

Baş kahinlər və din alimləri isə durub Onu şiddətlə ittiham edirdilər.

Amma Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ salaraq, Onun əyninə bir parlaq paltar geydirib, Pilatın yanına geri yolladı.

Pilatla Hirod o gün bir-biri ilə dost oldular. Bundan əvvəl aralarında düşmənçilik var idi.

Pilat isə baş kahinləri, rəisləri və xalqı toplayıb,

Onlara dedi: «Siz bu Adamı mənim yanıma gətirdiniz ki, O, xalqı yoldan çıxarır; və budur, mən sizin qarşınızda tədqiq edib, bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində günahkar tapmadım;

Hirod da bir şey tapmadı; çünki bu Adamı mən onun yanına göndərmişdim və budur, O, ölümə layiq heç bir şey icra etməmişdir.

Buna görə mən Onu cəzalandırıb azad edəcəyəm.» /

Pilat bayram naminə bir əsiri azad etməli idi./

Amma bütün xalq: «Ona ölüm! Bizə Barabbanı azad et!» deyə qışqırdı.

Barabba şəhərdə üsyan qaldırmaq və qətl üstə zindana atılmışdı.

Pilat İsanı buraxmaq niyyəti ilə yenə də səsini ucaltdı.

Amma onlar: «Onu çarmıxa çək, çarmıxa çək!» – deyə bağırırdılar.

O, üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölümə layiq bir şey tapmadım; buna görə Onu cəzalandırıb azad edəcəyəm.»

Amma onlar israr edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin; və onların və baş kahinlərin səsi üstün gəldi.

Pilat onların istəklərini yerinə yetirmək qərarına gəldi.

Və üsyan qaldırıb, qətl etdiyi üçün zindana salınmış adamı onların xahişinə görə sərbəst buraxdı; İsanı isə onların ixtiyarına təslim etdi.

Əsgərlər İsanı apararkən, tarladan qayıdan kirineyli Şimonu tutub İsanın ardınca daşımaq üçün çarmıxı onun belinə yüklədilər.

Böyük bir izdiham və İsa üçün şivən edib ağlayan qadınlar Onun ardınca gedirdilər.

İsa onlara müraciət edərək dedi: «Ey Yerusəlim qadınları! Mənim üçün ağlamayın, ancaq özünüz və uşaqlarınız üçün ağlayın.

Çünki elə günlər gəlir ki, o zaman deyəcəklər: “Sonsuzlar və doğmamış bətnlər və əmizdirməmiş döşlər nə bəxtiyardır!”

O zaman dağlara: “Üstümüzə yıxılın!” və təpələrə: “Bizi örtün!” deməyə başlayacaqlar.

Çünki əgər yaş ağaca bunları edirlərsə, bəs quru ağac necə olacaqdır?»

Cinayətkar olan iki nəfər də Onunla e’dama aparıldı.

Kəllə adlanan yerə gəldikləri zaman, orada Onu və cinayətkarları çarmıxa çəkdilər: birini sağ tərəfində, o birini isə sol tərəfində.

İsa isə deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər.» Və Onun paltarlarını püşk ataraq aralarında payladılar.

Xalq durub baxırdı. Onlarla bərabər rəislər də İsaya lağ edib deyirdilər: «Başqalarını xilas etdi; əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»

Əsgərlər də yaxınlaşıb Onu lağa qoyurdular. Ona turş şərab təqdim edərək

Deyirdilər: «Əgər Sən Yəhudilərin Hökmdarısansa, Özünü xilas et!»

Və Onun başı üzərində /yunan, roma və yəhudi hərfləri ilə/ bir yazı da var idi: “Bu Adam Yəhudilərin Hökmdarıdır.”

Asılmış olan cinayətkarlardan biri Onu söyərək deyirdi: «Əgər Sən Məsihsənsə, Özünü və bizi xilas et.»

Digəri isə ona məzəmmət edərək deyirdi: «Özün eyni cəzaya məhkum olunduğun halda, Allahdan qorxmursanmı?

Biz öz əməllərimizə layiq cəzanı haqlı olaraq almışıq; O isə heç bir günah işlətməmişdir.»

Və İsaya dedi: «Ya Rəbb! Öz Səltənətinlə gəldiyin zaman məni yada sal!»

Və İsa ona dedi: «Sənə doğrusunu deyirəm ki, bu gün sən Mənimlə bərabər cənnətdə olacaqsan.»

Gündüz altıncı saata yaxın günəş qaraldı və doqquzuncu saata qədər bütün ölkəyə qaranlıq çökdü.

Və mə’bədin pərdəsi ortadan yarıldı.

İsa uca səslə nida edərək: «Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm», – dedi. Və bunu deyib canını tapşırdı.

Yüzbaşı isə bu hadisəni görərək, Allaha həmd-səna edib dedi: «Doğrudan da bu Adam saleh idi.»

Bu mənzərəni müşahidəyə toplaşan bütün xalq baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri dönürdü.

Onu tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar isə uzaqda durub bu mənzərəyə tamaşa edirdilər.

O zaman Sinedrionun üzvü olan Yusif adlı xeyirxah və saleh bir adam gəldi. O, Sinedrionun qərarı və əməlləri ilə razı olmamışdı.

Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Səltənətini gözləyirdi.

Bu adam Pilatın yanına gedib İsanın cəsədini istədi.

Cəsədi çarmıxdan endirib kətana bükdü və Onu qayada ovulmuş, hələ indiyədək heç kimin gömülmədiyi bir qəbirə qoydu.

O gün cümə günü idi və şənbə günü yaxınlaşırdı.

İsa ilə Qalileyadan gəlmiş olan qadınlar da ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər.

Qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar; və şənbə günü Allah əmri ilə istirahət etdilər.