6-cı Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 15, 1-2. 22-29)

Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sual ətrafında həvarilər və ağsaqqallarla görüşsünlər. Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldi ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsin. İmanlılar arasında başçılıq edən Barsaba adlanan Yəhuda ilə Silanı seçdilər. Onların əlinə bu məktubu verib göndərdilər:

«İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, Yəhudi olmayan qardaşlara salam! Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib. Sözləri ilə sizi çaş-baş salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. Ona görə də aramızdan bəzi adamları seçib əziz qardaşlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. Hər ikisi Rəbbimiz İsa Məsihin uğrunda canını təhlükəyə atıb. Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsin. Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik: Bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».

Z 67, 1-2. 3-4a. 5+7

Nəqarat: Ey Allah, Sənə bütün xalqlar şükür etsin.

Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın.

Qoy yer üzündə Sənin yolun, bütün millətlər arasında qurtuluşun tanınsın.

Ey Allah, Sənə xalqlar şükür etsin, qoy Sənə bütün xalqlar şükür etsin. Qoy ümmətlər sevinclə Səni mədh etsin, çünki xalqlara insafla hökm edirsən.

Ey Allah, Sənə xalqlar şükür etsin, qoy Sənə bütün xalqlar şükür etsin.

Allah bizə xeyir-dua verib. Qoy dünyanın ucqarları Ondan qorxsun!

Vəhy kitabından sözlər (Vəhy 21, 10-14.22-23)

O məni Ruhun təsiri ilə böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəsi şəhəri, Yerusəlimi göstərdi. Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş, büllur yəşəm daşı kimi parıldayırdı. Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə Israil övladlarının on iki qəbiləsinin adı həkk olunmuşdu. Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. Şəhər divarının on iki təməli var idi və onların üstündə Quzunun on iki həvarisinin adları var idi. Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır.

Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 14, 23-29)

İsa həvarilərinə cavab verdi: «Kim Məni sevsə, sözümə əməl edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. Məni sevməyənsə sözlərimə əməl etməz. Eşitdiyiniz söz Məndən yox, Məni göndərən Atadan gəlir. Hələ yanınızda olarkən sizə bu sözləri söylədim. Lakin Mənim adımla Atanın göndərəcəyi Vəsatətçi – Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz narahat olmasın və qorxmayın. Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. Bunu indi öncədən sizə söylədim ki, baş verən zaman Mənə inanasınız.