7-ci Rəbb günü Adi dövrdə C ili
.
1 Şam 26, 2. 7-9. 12-13. 22-23 
Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi. Davud və Avişay gecə xalqın yanına çatdılar və budur, Şaul ordugahın içərisində yatıb yuxuya getmişdi, nizəsi isə başı üstündə yerə sancılmışdı. Avnerlə xalq isə onun ətrafında yatırdı. Avişay Davuda dedi: «Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın». Davud Avişaya dedi: «Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?»
Davud Şaulun başının yanındakı nizəsi ilə su qabını götürdü və onlar getdilər. Onları görən olmadı. Bu işi bilən və oyanan da olmadı. Rəbb tərəfindən onların üstünə dərin yuxu gəldiyinə görə hamı yatmışdı. Davud qarşı tərəfə keçib uzaqda, dağın başında durdu; onların arasında xeyli məsafə var idi. Davud cavab verdi: «Budur nizən, ey padşah! Qoy nökərlərindən biri gəlib onu aparsın. Rəbb hər kəsə öz salehliyinin və sədaqətinin əvəzini verəcək. Bu gün Rəbb səni mənə təslim etdiyi halda mən Rəbbin məsh etdiyinə əl qaldırmaq istəmədim.
Z 103, 1-2. 3-4. 8+10. 12-13
Nəqarat: Rəbb rəhmli və lütfkardır.
Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları.
Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən.
Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan.
Rəbb rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir.
Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz.
Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
1 Kor 15, 45-49
Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir. İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı. Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir. Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
Lk 6, 27-38
Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».