7-ci Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 7, 55-60)
Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. O dedi: «Baxın, mən göylərin açıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdi. Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydu. Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». Sonra diz çöküb bərkdən nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini həmişəlik yumdu.

Z 97, 1+2b. 6+7c. 9
Nəqarat: Rəbb hökmranlıq edir, O, bütün yer üzərində nə qədər yüksəkdir!

Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, qoy bütün adalar sevinsin. Salehliklə ədalət taxtının təməlidir.

Göylər salehliyini bəyan edər, əzəmətini bütün xalqlar görər. Ey bütün mələklər, Rəbbə səcdə edin!

Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən!

Vəhy kitabından sözlər (Vəhy 22, 12-14.16-17.20)
Mən Yəhya bunları eşitdim: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!» Əmrlərinə əməl edənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə ixtiyarları olacaq, darvazalardan keçib şəhərə girəcəklər. Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam». Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!

Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 14, 23-29)
İsa dua etdi: Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Məni Sən göndərdiyinə iman etsin. Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Mənim Sən tərəfindən göndərildiyimi, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. Ey Ata, istəyirəm ki, Mənə verdiyin kəslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünyanın təməli qoyulandan əvvəl Məni sevdiyin üçün Mənə verdin. Ey saleh Ata, dünya Səni tanımadı, Mən isə Səni tanıdım, bunlar da Mənim Sən tərəfindən göndərildiyimi bildi.
Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».