8-ci Rəbb günü Adi dövrdə C ili
Ələyi yelləyəndə zir-zibil qalar, eləcə də insan danışarkən qüsurları bəlli olar. Soba dulusçunun qabını sınaqdan keçirər, eləcə də insan öz söhbətindən sınanar.Ağaca necə qulluq edildiyi onun bəhərindən məlum olar, eləcə də insanın ağlının düşüncələrini sözləri üzə çıxarar. Bir adamın danışmağından qabaq onu tərifləmə, çünki sözləri vasitəsilə sınaqdan keçiriləcək.
Z 92, 1-2. 12-13. 14-15
Nəqarat: Nə yaxşıdır Rəbbə şükür etmək!
Nə yaxşıdır Rəbbə şükür etmək, ey Haqq-Taala, isminə tərənnüm söyləmək, hər səhər məhəbbətini elan etmək, hər gecə sədaqətini bəyan etmək.
Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür.
Onlar Rəbbin evində əkilib, onlar Allahımızın həyətində göyərir.
Qocalanda da bar verəcəklər, təravətli, yamyaşıl qalacaqlar,
belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur».
1 Kor 15, 54-58
Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək. «Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun! Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
Lk 6, 39-45
İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.
