ADİ DÖVRÜN XVIII HƏFTƏSİ ÜÇÜN LİTURGİYA TƏQVİMİ (02-08 AVQUST 2021 İL)
4 avqust, çərşənbə, müqəddəs İohann Mariya Vianney, keşiş – xatirə günü
Mqd. İohann Mariya Vianney 1786-cı ildə, Fransanın Lion şəhərinin yaxınlığlnda, yoxsul kəndçi ailəsində doğulmuşdur. O gənc yaşlarından xüsusi möminliklə və kasıblara sevgisi ilə seçilirdi. Təhsil zamanı böyük çətinliklərə qalib gələrək, 1815-ci ildə keşiş olur. İki il sonra Ars şəhərciyində balaca və unudulmuş prixodun baş keşişi təyin edilir. Deyilənlərə görə, o gün ərzində 16-20 saatı tövbə hücrəsində insanların tövbəsini qəbul etməklə keçirirmiş. Mqd. İohannln şəxsi möminliyi, onun hamıya qarşı xoş münasibəti və mənəvi rəhbər olmaq qabiliyyəti müxtəlif ölkələrdən minlərlə zəvarları ona cəlb etmişdir. Gərgin əmək və özü haqda düşünməməyin nəticəsində taqətdən düşərək, 4 avqust 1859-cu ildə Ars şəhərində vəfat edib. Prixodlarda baş keşişlərin hamisi kimi tanınır.
5 avqust, cümə axşamı, Müqəddəs Məryəmin adına Roma bazilikasının təqdis edilməsi – xatirə günü, ayın ilk cümə axşamısı
Efes Kilsə Məclisində Bakirə Məryəmin İlahi Analığı iman həqiqəti kimi bəyan edildikdən sonra, papa III Sikstus Məryəmin şərəfinə Romada “Santa Maria Macore” bazilikası inşa etdi. Məryəm Anaya həsr edilmiş bu ilk kilsə 432-ci ildə təqdis edilmişdir.
6 avqust, cümə, RƏBBİN SURƏTİNİN DƏYİŞİLMƏSİ – bayram, ayın ilk cüməsi
Bu bayram İncil hadisəsi olan Rəbb İsa Məsihin Tabor dağında bəzi həvariləri qarşısında Surətinin dəyişilməsinin xatirəsidir. Rəbbin görünüşünün dəyişilməsi şagirdlərinin imanını möhkəmləndirir və Məsihə iman edən və Onun Dirilişinə şərik olan bəşəriyyətin gələcək izzətinə işarət edir. Kilsə ənənəsində yer almış bayramın tarixi Tabor dağında bu hadisəyə həsr edilmiş bazilikanın VI əsrdə təqdis edilməsi ilə bağlıdır.
7 avqust, şənbə, müqəddəs papa II Sikstus və səhabələri, şəhidlər – xatirə günü, ayın ilk şənbəsi
Mqd. Sikstus 257-ci ildə roma papası seçilir. Xələfi I Stefan zamanı Karfagen Kilsəsi ilə dayandırılmış əlaqələri bərpa edir. 258-ci ildə, imperator Valerianın hakimiyyətin vaxtında xristianlara qarşı təqiblər zamanı mqd. Kallikstus katakombalarında Yevxaristiya Ayinini ira edərkən tutulur və 6 avqust tarixində, diakonlar İannuariy, Maqnus, Vikentiy və Stefan ilə birlikdə edam edilir. Həmin gün iki başqa diakon – Felisissimus və Aqafit edam edilirlər. Bir neçə gündən sonra isə arxidiakon Lavrentiy edam edilir. Mqd. Skistusun adı Roma Kanonunda çəkilir.
8 avqust, bazar, ADİ DÖVRÜN XIX RƏBB GÜNÜ