ADVENT

Latın sözü “advent” (adventus) “gəliş”, “zahir olma”, “zühur” deməkdir. Bu söz ilə Kİlsə liturgiya ilinin Milad Bayramından 4 Rəbb Günü öncə başlayan xüsusi dövr adlandırılır. Advent zamanı Kilsə imanlıları oruc, liturgiya oxunuşları, himnlər, səhər və axşam dualarının nəqarətləri  və bir sıra digər ibadət ənənələri vasitəsilə İmmanuilin, yəni Bizimlə-olan-Allahın dünyaya Gəlişi bayramının qeyd edilməsinə mənəvi cəhətdən hazırlayır.  Advent  zamanı məsihilər Əhti-Ətiqin peyğəmbərləri ilə bərabər bəşəriyyəti şərin əsarətindən azad edəcək Məsihin intizarını yenidən yaşayır.  Milad Bayramına hazırlıqla yanaşı, Advent bizi Məsihin İkinci Mübarək Gəlişi, Axirət, Allah ilə şər güvvələrin sonuncu savaşı və Məsihin son Qələbəsi haqqda düşünməyə çağırır. Kilsə ilinin bu dövrünün liturgiya oxunuşlarında zəngin yer tapan Apokalipsis (Axirət)  təsfirləri yalnız gələcəkdə baş verəcək dünyanın sonu haqqında xəbər vermir, eyni zamanda bu görüntülər simvolik dil ilə hər bir insanın şər ilə apardığı fərdi mənəvi savaşını təsfir edir və bu savaşda Xilaskar Rəbbə nə qədər ehtiyac duyulduğunu bəyan edir.

Advent – oruc, tövbə və xeyriyəçilik (sədəqə) dövrüdür.

Adventin hər Rəbb Gününün (və hər həftənin) öz dini-mənəvi mənası var.

Adventin I Rəbb Günündə Kİlsə bizə Axirət və Məsihin İkinci Gəlişi haqqda, mənən “ayığ” olmağın vacibliyi haqqda və Allahın Son Məhkəməsinin qaçınılmazlığını düşünərək yaşamağı, mənəvi ayıq-sayıqlığı itirməməyi, Məsihə sadiqliyi qoruyub saxlamağı haqqda xatırladır.

Adventin II Rəbb Günü ənənəyə görə Məsih və Rəbbin Yolunu hazırlayan, Məsihin Sələfi müqəddəs Vəftizçi Yəhyanın rolu haqqında olan Əhti-Ətiq peyğəmbərliklərinə həsr edilir.

Adventin III Rəbb Günü “Gaudete” yəni Sevinc Rəbb Günü adlandırılır. Çünki bu günün Liturgiyası (Müqəddəs Messası) müqəddəs həvari Paulun Filipililərə məktubundan olan “Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!” nəqarəti ilə başlanır. Bu Rəbb Günündən sonra bir başa Allahın Oğlu İsa Məsihin Məryəm Anadan dünyana gəlməsi hadisəsi ilə bağlı  hazırlıq dövrü başlanır. Rəbbin yaxınlığı ilk öncə sevinc və ümid bəxş etməlidir, çünki, Adventin dövrünün qədim liturguya himnində oxunduğu kimi İlk Gəlişində Rəbb “Hakim tək yox – Həkim tək gəlir”. Bu dövrdə biz mənəvi nasazlıqlarımızı daha dərindən anlamalıyıq ki onları intizarında olduğumuz Səmavi Təbibə etibar edə bilək.

Adventin IV Rəbb Günü artıq Milad Bayramını öncələyir və bizi Məsihin Ana adlandırdığı Məryəmə dua ilə ehtiram etməyə dəvət edir. Allah Anası və Əbədi Bakirə Məryəm hər bir insan üçün Məsihə aparan yolda ən sadiq və etibarlı yoldaş və bələdçidir. Bu Advent dövrü biz Məryəmdən diləyə bilərik ki O bizim üçün, Məsihdən hələ də uzaqda qalanlar üçün dua etsin və beləliklə Məryəm Ananın duaları xatirinə Allah-Təala bütün insanları Öz Nuruna boyasın və Allahın Oğlunun Mövlüd Günü yalnız gözəl ənənə olaraq qalmasın, Məsihin qəlbimizdə həqiqətən mənən Mövludu gününə çevrilsin.

 

Avtor: Paulus (Baku)