AZƏRBAYCANIN APOSTOL PREFEKTİ

Vladimir Fekete 11 avqust 1955-ci ildə Slovakiyanın paytaxtı Bratislavanın yaxınlığında yerləşən Xorvatski-Qrob qəsəbəsində anadan olub.

Komenski adına Bratislava Universitetini geologiya ixtisası üzrə bitirib.

1975-ci ildə – Katolik Kilsəsinin Slovakiyada (o zaman Çexoslovakiya Sosialist Respublikası) kommunist rejimi tərəfindən amansız təqiblərə məruz qaldığı bir dövrdə V. Fekete gizli şəkildə müqəddəs İoann Bosko tərəfindən təsis edilmiş rahiblər konqreqasiyası olan “Müqəddəs Saleziyalı Fransisk” icmasına (Salezianlar icması) daxil olur.

15 fevral 1975-ci ildə V. Fekete rahib kimi ilk əhdlərini edir.

30 yanvar 1983-cü ildə V. Fekete Berlin şəhərinin köməkçi yepiskopu Volfqanq Veyder tərəfindən icra edilən əlqoyma ayini ilə keşişliyi qəbul edir.

1993-1999 illərdə Slovakiyanın salezian icması başçısının vikarisi (müavini) vəzifəsində çalışıb.

1999-cu ildə Polşanın Lyublin Katolik Universitetində ilahiyyat üzrə lisensiat rütbəsini alıb.

1999-2005 illərdə Slovakiyada Salezianlar Ordeninin provinsialı (başçısı) olub.

2006-ci ildə Romada Papa Universitetini bitirib.

2006-2009 illərdə salezian novisilərin (rahibliyə namizədlərin) magistri (rəhbəri) vəsifəsində çalışır.

Vladimir Fekete slovak, rus, polyak, ingilis və italyan dillərində sərbəst danışır.

AZƏRBAYCANDA XİDMƏT

5 noyabr 2009-cu ildə Roma Papası XVI Benedikt Vladimir Feketeni Azərbaycanda Katolik Kilsəsinin ilkin ərazi-inzibati strukturu olan “missio sui iuris”-in başçısı təyin edir.

4 avqust 2011-ci il tarixində Roma Papası XVI Benedikt “De iuvandis” bullası ilə Azərbaycandaki Katolik Kilsəsinin statusunu “missio sui iuris” statusundan Apostol Prefekturası statusuna qədər yüksəldir. Beləliklə, Vladimir Fekete Azərbaycanın ilk apostol prefekti olur.

Yepiskopluq

8 dekabr 2017 il tarixində Fövqələqdəs Bakirə Məryəmin Qüsursuz Döllənməsi bayramı günü Roma Papası Fransisk Vladimir Feketeni titular yeparxiyası Munisip şəhərində olmaqla, yepiskop rütbəsinə yüksəltdi. Beləliklə, Azərbaycanın Apostol Prefekturasına başçılığı artıb yepiskop etməyə başladı.

Pontifikin bu qərarını V. Feketenin uzun illər keşiş kimi fəaliyyətinin, gənclərə göstərdiyi qayğısının, həyatında xristian mənəvi ideallarının təcəssümünə dair verdiyi vədlərə sədaqətinin qiymətləndirilməsi hesab etmək olar. Eyni zamanda Roma Papası Fransiskin bu qərarı Müqəddəs Taxt-Tac üçün multikulturalizmi və dinlərarası əməkdaşlığı dövlət siyasəti elan etmiş, müxtəlif dinlərin və millətlərin sülh şəraitində birgə yaşayışının unikal və təqdirə layiq nümunəsi olan Azərbaycan ilə əlaqələrin xüsusi önəm daşımasını bir daha vurğulamışdır.

11 fevral 2018-ci il, Məryəm Ananın Lurd şəhərində zühurunun xatirəsi günü Bakıda yerləşən Məryəm Ana Kilsəsində Vladimir Fekete yepiskopluğu əlqoyma ayini ilə qəbul etmişdir. Əlqoyma ayinin baş icraçısı Müqəddəs Taxt-Tacın dövlətlər ilə əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qalaxer olmuşdur. Həmin ayini arxiyepiskop Qalaxer ilə bərabər Bratislava arxiyepiskopu, mitropolit Stanislav Zalevski, Müqəddəs Taxt-Tacın Yunanıstandakı səfiri, arxiyepiskop Xon Tay Fay (SDB) da icra etmişlər. Təntəli Müqəddəs Messada müxtəlif ölkələrdən gələn bir sıra tanınmış katolik din xadimləri də iştirak etmişdir: Rojnyava yepiskopu Stanislav Stolarik, Moskvanın Allah Anası arxiyeparxiyasının arxiyepiskop-mitropoliti Paolo Petsi, Qafqazın Apostol Administraturasının ordinarisi yepiskop Cuzeppe Pazotto, Papa Lateran Universitetin rektoru, yepiskop Enrike del Kovolo (SDB), Linsin təqaüddə olan yepiskopu Lüdviq Şvars, Zalsburqun təqaüddə olan arxiyepiskopu, kardinal Aloiziy Kotqasser (SDB), Slovakiya Salezianlarının provinsialı (başçısı) ata Yozef İjold, salezian ordeninin keşişləri və rahibləri. Mərasimdə Azərbaycan Respublikasının dövlət qurumlarının, dini icmalarının, ictimayyətin və s. nümayəndələri iştirak etmişdir.

Vladimir Fekete yepiskopluq rütbəsinə yüksəlməsinə həsr edilmiş təntələni qəbulda qonaqları salamlayaraq bu sözləri söyləmişdir:

“Müqəddəs Ata Fransiskin qərarından sonra Azərbaycan mənim ikinci vətənim oldu.

Son illər ərzində mən burada bir çox gözəl insanlara: imanlı müsəlman, xristian, yahudilərə, həmçinin həyatın mənasını axtaran çoxlu sayda xoşməramlı insanlara rast gəldim.

Mən Azərbaycanın qonaqpərvərliyinə və səmimiliyinə, eyni zamanda qəhrəmancasına səbr etməsinə və ona qarşı edilmiş tarixi səhvlərə qarşı iltifatına heyranam. Əminəm ki, Katolik Kilsəsi, digər ənənəvi dinlərlə bərabər, ayrı-ayrı insanlara və ümumən cəmiyyətə mənəvi və əməli yardım təklif etməklə, müsbət istiqamətdə inkişafa tövhə verməklə, Azərbaycanda özünəməxsus və ayrılmaz bir yer tutur. Qoy bizim hamımızın Yaradanı Olan Külli-İxtiyar Allah gələcək nəsillər üçün daha gözəl və sevincli dünya qurmaqda bizə kömək etsin. Allah Azərbaycana xeyir-dua versin, Azərbaycanı qorusun!”

 

Yepiskopun herbi

Herbinin əsas rəngləri kimi monsenyor Vladimir Fekete Azərbaycan Bayrağının rənglərini seçib. Herbdəki səkkizgüşəli ulduz Məryəm Ananın qədim simvollarından biri, eyni zamanda Azərbaycanın milli simvoludur. Ağ zambağlar – Avropada Məryəm Ananın ən geniş yayılmış heraldik simvollarından biridir. Göy dağlar yepiskopun vətəni olan Slovakiyada yerləşən Tatra dağlarına işarət edir.

Yepiskopun şüarı “Da mihi animas” latın dilindən “mənə canları ver” (mənə insanları ver) kimi tərcümə olunur və Müqəddəs Yazının Yaradılış kitabından sistatdır (Yaradılış 14, 21). Həmin kəlmələri Salezianlar Ordeninin banisi müqəddəs İoann Bosko həmin ordenin şüarı kimi seçmişdir və bununla ordenin əsas məqsədini – insanları Allaha yönləndirməyi – vurğulamışdır.