ARXİYEPİSKOP PAUL RİÇARD QALLAHER BAKIDA TİKİLƏCƏK MÜQƏDDƏS II İOANN PAVEL KİLSƏSİNİN ƏRAZİSİNİ VƏ TƏMƏL DAŞINI TƏQDİS ETDİ

Dekabrın 14-də Azərbaycanın paytaxtında səfərdə olan Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallaher Bakıda tikiləcək müqəddəs II İoann Pavel kilsəsinin ərazisini və təməl daşını təqdis edib.

Təqdis mərasimində həmçinin Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi, arxiyepiskop Marek Solçinski, Azərbaycanın apostol prefekti, yepiskop Vladimir Fekete, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdaki Fövqəladə və Səlahiyyətli səfiri İlqar Muxtarov, Heydər Əliyev Fondunun icraçı direktor müavini Soltan Məmmədov, Bakı və Azərbaycan yepiskopu Aleksiy, Azərbaycanda Katolik Kilsəsinin imanlıları, diplomatik korpusun və KİV nümayəndələri iştirak ediblər.

Həmin gün Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete-nin adından arxiyepiskop Qallaherin səfəri və yeni kilsənin torpaq sahəsinin və təməl daşının təqdis olunması münasibətilə qəbul təşkil edilib.

Tədbirdə Azərbaycanın dövlət və ictimai təşkilatlarının, dini konfessiyaların, diplomatik korpusun  rəhbərləri və nümayəndələri, və KİV iştirak ediblər.

Tədbirin əvvəlində yepiskop Vladimir Fekete salamlama nitqi ilə çıxış edib:

“Əziz dostlar və qonaqlar,

Vatikandan gələn möhtərəm qonağımızın şərəfinə təşkil olunan bu qəbulda hamınızı salamlamaqdan böyük məmnunluq duyuram. Monsenyor Qallaher diplomatik vəzifələrindən əlavə, müqəddəs Roma Papası II İoann Pavelin xatirəsinə həsr olunacaq yeni kilsənin tikinti ərazisinin təqdis edilməsi mərasimini yerinə yetirmək üçün Azərbaycana gəlib.

Bu, Azərbaycandakı katoliklər üçün tarixi bir məqamdır. Ateist ideologiyasının Allaha şəhadət edən hər şeyi, xüsusən də kilsələri, məscidləri, sinaqoqları məhv etdiyi onilliklərin qaranlığından sonra biz yeni bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz mədəni-mənəvi irsinə dəyər verən ölkələrdən biridir. Qədim məscid və məbədlər bərpa olunur, yeni ruhani mərkəzlər tikilir.

Mən insan həyatının mənəvi ölçülərini dəyərləndirən və xalqın ənənələrini yeni nəsillərə ötürmək yollarını axtaran bir ölkədə yaşamaqdan və xidmət etməkdən qürur duyuram. ”, – yepiskop Vladimir Fekete çıxışında qeyd edib.

Tədbirdə çıxış edən monsenyor Qallaher ilk növbədə Bakıda katolik kilsəsinin tikintisi üçün torpaq sahəsinin səxavətlə bağışlanmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirdi.

“Bu hadisə dərin tarixi hiss doğurur. 2002-ci ildə II İoann Pavelin Apostol Səfəri zamanı indiki dövlət başçısının mərhum atası Prezident Heydər Əliyev məhz bu şəhərdə katolik kilsəsi üçün torpaq sahəsinin ayrılması haqqında tarixi qərar qəbul etdi. Bu gün biz bu dəyərli mirasın eyni dərəcədə ilhamverici şəkildə davamının şahidi oluruq…2002-ci ildə bu gözəl ölkəyə səfər edən ilk Müqəddəs Peterin xələfi Papa II İoann Pavelə həsr olunmuş bu kilsə Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında möhkəm dostluğun əbədi simvolu kimi xidmət edəcəkdir.”, – deyərək monsenyor Qallaher vurğulayıb.

Azərbaycan Respublikasının adından arxiyepiskop Qallaheri xarici işlər nazirinin müavini Fariz Rzayev salamlayıb.

Tədbirin rəsmi hissəsinin sonunda qonaqlar furşetə dəvət olundular.