ARXİYEPİSKOP PAUL RİÇARD QALLAHER MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ MÜQƏDDƏS MESSAYA BAŞÇILIQ EDİB

Bakıda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallaher həzrətləri Bakının baş katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsində Advent dövrünün III Rəbb Günü Müqəddəs Messasına başçılıq edib.
Monsenyor Qallaheri Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycandaki apostol nunsisi arxiyepiskop Marek Solçinski, Bakı şəhəri Müqəddəs Məryəm kilsəsinin ruhaniləri müşayiət ediblər.
Messa zamanı arxiyepiskop Qallaher ibadətdə iştirak edənlərə moizə ilə müraciət etdi.
Əziz bacılar və qardaşlar,
Adventin bu Üçüncü Rəbb Günündə Kilsə sevinclə bizə səslənir: “Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! Rəbb yaxındır.» (Fil 4:4-5). Həvari Paul bizi narahatlığı bir kənara qoymağa, hər cür qayğını və ehtiyacı dua və yalvarışla, minnətdarlıqla Allaha həvalə etməyi tövsiyə edir (Fil 4:6). Allahın bəsirətli qayğısına olan bu güvən bizdə dərin bir əmin-amanlıq yaradır ki, bu sülhün kökü bu dünyanın keçici, zahiri zəmanətlərində deyil, Allahın həyatımızın gedişatını məhəbbətlə istiqamətləndirdiyinə sarsılmaz əminlikdədir. Çətinliklər və sınaqlar arasında belə, bu əminlik cəsarəti və ümidi ruhlandırır, çünki bizi nəvazişlə himayəsinə alan Allah Öz xalqını heç vaxt tərk etmir….
…“Rəbbdə həmişə sevinin” (Fil 4:4). Bu sözlərdə əsl Milad bayramının mahiyyəti var. Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi üçün səmimi dualar etdiyimi və ürəkdən gələn arzularımı bildirirəm. Rəbbimiz hamınıza bol xeyir-dua versin. Amin.”