Azərbaycan katolikləri Müqəddəs Həftənin başlanğıcını – Rəbbin Yerusəlimə Girişinin xatirəsini qeyd etdilər
Rəbbin Yerusəlimə Girişinin xatirəsi ayinləri və ibadətləri Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi, keşiş Yozef Marek (SDB) başçılığı ilə Müqəddəs Məryəm kilsəsində, həmçinin Müq. II İoann Pavel prixodunda keçirildi.
Ənənəyə uyğun olaraq Müqəddəs Messa zamanı Rəbbimiz İsa Məsihin Əzabları Mattanın İncilinə görə oxundu.
Niyə həmin gün həm Qərb, həm də Şərq ənənəsinə aid katoliklər (o cümlədən pravoslav xristianlar) kilsələri palma, söyüd və ya zeytun budaqları ilə bəzəyir və ibadətə bu budaqları əllərində tutaraq başlayırlar? Qədim Yaxın Şərqdə, o cümlədən Əhdi-Ətiq dövrünün İsrailində palma budaqları padşahı salamlamaq və ya onun zəfərini qeyd etmək üçün istifadə olunurdu. İsa Məsih Yerusəlimə daxil olmaqla Onu könüllü şəkildə qəbul etdiyi xilasedici əzablarına aparacaq yola başlayır. Kütlə Onu İsraili işğaldan azad edəcək, ədalətsizliyə son qoyacaq, peyğəmbərlər tərəfindən vəd olunmuş Xilaskar Padşah — Məsih kimi qarşılayır. İsa həqiqətən Məsih, Padşah və Xilaskardır. Lakin O, sonu ölüm olan dünyəvi quruluşları deyil, ölümsüzlük və Allahın bəxtiyarlığında iştirak üçün yaradılmış, lakin günahı ucbatından bu bəxtiyarlığı itirmiş insanı xilas etmək üçün gəlmişdir.




















