AZƏRBAYCAN KATOLİKLƏRİ RƏBBİN MƏBƏDDƏ TƏQDİM EDİLMƏSİ (HƏSRETMƏ) BAYRAMINI QEYD EDİBLƏR
Kilsənin liturgiya təqviminə görə Milad dövrünün Rəbbin Vəftizi Bayramı (bu il – yanvarın 7-də) ilə başa çatmasına baxmayaraq, Milad motivləri Katolik Kilsəsində fevral ayının 2-də qeyd olunan Rəbbin Təqdim Edilməsi Bayramına qədər daha 40 gün ərzində səslənir. Rəbbin Təqdim Edilməsi Bayramında biz Körpə İsa Məsihin yəhudi Qanunu ilə müəyyən edilmiş təmizlənmə və qurban gətirmə ayinlərini yerinə yetirmək üçün Yerusəlim Məbədinə gətirilməsini xatırlayırıq. Bu hadisə Lukanın İncilində təsvir edilmişdir (Luka 2:22-40).
Təqdim Edilmə Bayramı, Tanrının yer üzündə təvazökar və həlim Körpə kimi doğulması ilə əlaqəli hadisələrin dövriyyəsini tamamlayır.
Bu günü Papa II İohann Pavel Allaha həsr olunmuş həyat günü kimi elan edib, buna görə də Rəbbin Təqdim Edilməsi bayramında rahib və rahibələr Yerli Kilsənin və onun hakim yepiskopunun qarşısında rahib andlarını yeniləyirlər.
Bakının Müqəddəs Məryəm kilsəsində keçirilən bayram ibadətlərinə Kilsənin Azərbaycandakı apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edib. İbadət zamanı yepiskop həzrətlərini Prefekturanın general vikarisi ata Yozef Marek (SDB), Müqəddəs Məryəm kilsəsinin baş keşişi ata Martin Bonkalo (SDB), kilsəsin keşişləri müşayiət ediblər.
Qədim ənənəyə görə, ibadətə başlamazdan əvvəl yepiskop Vladimir Fekete Məsihin Nurunu simvolizə edəcək şamları təqdis etdi.
Müqəddəs Messa zamanı Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının rahib və rahibələri əbədi andlarını yenilədilər. Andları Salezianlar, Məsihçilərin Köməkçisi olan Məryəmin Qızları, Tereza Ananın Şəfqət Bacıları orderlərinin rahib və rahibələri yenilədilər.


































