AZƏRBAYCAN KATOLİKLƏRİ TAXT-TAC BAYRAMINI QEYD EDİBLƏR

Katolik Kilsəsi tərəfindən hər il dekabrın 8-də qeyd olunan Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi bayramı Azərbaycan katoliklərinin taxt-tac bayramıdır, çünki Kilsənin Azərbaycandakı Apostol Prefekturasının əsas məbədi katolik imanının bu qədim həqiqətinə həsr edilib.

Bayram ərəfəsi gününün axşamından başlayaraq bütün bayram günü ərzində Müqəddəs Məryəm kilsəsində müxtəlif dilli katolik icmaları üçün Müqəddəs Messa ibadətləri keçirilib.

Dekabrın 8-də, saat 17:30-da keçirilən Bayram Messasına Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete başçılıq edib. İbadət zamanı yepiskop həzrətlərini Prefekturanın general vikarisi ata Yozef Marek (SDB), Əqdəs Bakirə Məryəm prixodunun baş keşişi ata Martin Bonkalo (SDB), salezian ordeninin keşişləri ata Emil Şafar və ata Vladimir Baksa müşayiət ediblər.

İbadət başlamazdan əvvəl prixodun gəncləri kilsədə toplaşanların qarşısında bayram proqramı ilə çıxış etdilər.

Müqəddəs Messanın sonunda, Kilsənin ənənəsinə uyğun olaraq, yepiskop Vladimir Fekete, Uca Allah Pakizə Məryəm Ananın şəfaətilə Azərbaycandakı Kilsəsin möminlərinin imanını, ümidini və məhəbbətini artırsın deyə, ölkəmizə sülh və əminamanlıq, xalqa ruhani və cismani möhkəmlik bəxş etsin deyə Allahın Əqdəs Validəsinə Həsr Edilmə Aktını yerinə yetirdi.

İbadətdən sonra imanlılar və kilsənin qonaqları bayram çay süfrəsinə dəvət olundular.