AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNDƏ ROMA PAPASI II İOHANN PAVELİN AZƏRBAYCANA TARİXİ SƏFƏRİNİN 20-Cİ İL DÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİB

May ayının 29-da Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası tərəfindən Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərinin 20-ci ildönümünə həsr edilmiş xatirə tədbiri təşkil edilmişdir.

Öncə Müqəddəs Məryəm kilsəsində təntənəli Messa keçirildi. Müqəddəs Ayinə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri başçılıq edib. Dualar azərbaycan və rus dillərində oxunub.

Daha sonra Apostol Prefekturasnın konfrans zalında bayram tədbiri baş tutdu.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin katibi arximandrit Aleksiy (Nikonorov), Yahudi İcmalarının sədrləri Milix Yevdayev və Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Azərbaycan Biblilya Cəmiyyətinin sədri Rasim Xəlilov, diplomatik korpus nümayəndəri, Azərbaycan katolik icması və başqaları iştirak etmişdir.

Qonaqları salamlayaraq, yepiskop Vladimir Fekete II İohann Pavelin Azərbaycanda etdiyi səfərinin yerli katolik icması üçün əhəmiyyətindən söz açdı.

Çıxıs edən natiqlər Azərbaycanda dinlərarası sülhün və qarşılıqlı hörmətin nümunəvi səviyyəsini, Azərbaycanda Katolik Kilsəsinin cəmiyyətdə oynadığı müsbət rolunu, Azərbaycan və  Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyəsini diqqətə çatdırmışlar.

Tədbirdə “Primavera” simli kvartetinin ifasında Motsart, Ü.Hacıbəyli, Şubertin əsərləri səsləndirilib.