Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, yepiskop monsenyor Vladimir Feketenin müraciəti
Bakı şəhəri, 12 oktyabr 2020-ci il
Əziz bacılar və qardaşlar!
Ölkəmiz bu günlərdə çətin anları yaşayır.
Azərbaycanın dinc səmasının sükutunu hərbi silahların səsi pozur.
Azərbaycandakı Katolik Kilsəsi olaraq xalqımızın yaşadıqlarına biganə qala bilmərik və torpaqlarımızda sülhün və ədalətin tezliklə bərpası üçün yorulmadan dua edirik.
Azərbaycan tolerant ölkədir. Burada müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri bir arada sülh içində yaşayır, ölkənin rifahı üçün birlikdə çalışır, bir birini zənginləşdirir, həm sevinci həm kədəri bölüşür.
Azərbaycan katolikləri, bu cəmiyyətin ayrılmaz bir hissəsi olaraq, duaları ilə, düşüncələri ilə, əməlləri iləhal hazırda müharibə və haqsızlıqdan əziyyət çəkən hər kəsin yanındadır. Mülki insanların əzabı və ölümü qəlbimizdə xüsusi bir ağrı ilə əks-səda verir.
Bütün yaralıların tez bir zamanda sağalması üçün, evlərini itirənlər üçün, əzizlərini itirən ağır kədərə qərq olunanların təsəlli tapmaları üçün və əlbətdə ki üzərimizdə səmanın yenə dinc olması üçün dua edirik.
Uca Allah ölkəmizə və xalqımıza xeyir-dua versin!
Mons. Vladimir Fekete
Azərbaycanın Apostol Prefekti
