AZƏRBAYCANDA KATOLIK KILSƏSININ APOSTOL PREFEKTI, YEPISKOP MONSENYOR VLADIMIR FEKETENIN MÜRACIƏTI

Bakı şəhəri, 28 oktyabr 2020-ci il

 

Əziz bacılar və qardaşlar,

Azərbaycan şəhərlərinin atəşə tutulması, dinc əhalinin, qadınların, uşaqların həlak olması, evlərin viran olması, günahsız insanların ağrı və acıları haqda xəbərlər, çox təəssüf ki gəlməkdə davam edir.

Azərbaycanda Katolik Kİlsəsinin adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermək istərdim. Allah rəhmət eləsin!

Biz, Azərbaycanda Katolik Kilsəsi olaraq, kədərə qərq olmuş hər ev üçün dua edirik və yaxınlarını itirən insalara Allahdan təsəlli diləyirik. Allah Özü onların qəlbini bəşəriyyətə bəxş etdiyi ümidə açıq etsin.

Bir din xadimi və Katolik Kİlsəsinin yepiskopu kimi, xristian imanına əsaslanaraq tam əminliklə  bəyan edə bilərəm ki, dinc əhalini, mülki obyektləri hərbi məqsədə döndərmək – bu qorxunc bir cinayətdir, bu bütün mənəvi normalara və Allahın Əmrlərinə ziddir!

Eyni zamanda bu münaqişəyə islam ilə xristianlıq arasında dini qarşıdurma donunu geyindirmək səylərini biz  qətiyyət ilə pisləyirik və düşünürük ki, insanların dini hisslərindən sui istifadə etmək, din faktorunu dinə aid olmayan məqsədlər üçün istifadə etmək yolverilməzdir. Azərbaycan – çoxmillətli, çoxkonfessiyalı ölkədir vəburanın vətəndaşları, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq Vətənə olan məhəbbətdə həmrəydir.

Əziz bacılar və qardaşlar!

İstərdim ki Azərbaycan Xalqı bilsin: biz Qarabağ münaqişəsinin tezliklə ədalətli şəkildə həll olunması üçün və yurdumuzda sülhün bərqərar olunması üçün Rəbbimizə  dua edirik!

Qoy Uca Allah hər qəmə qərq olunmuşa təsəlli versin, hər göz yaşını silsin, xalqımıza xeyirdua versin və ölkəmizə əmin-amanlıq bəxş etsin!

 

Mons. Vladimir Fekete

Azərbaycanın Apostol Prefekti