YEPİSKOP VLADİMİR FEKETE-NİN 2020-Cİ İLİN ADVENT DÖVRÜ İLƏ BAĞLI MƏKTUBU

AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN 2020-Cİ İLİN ADVENTİ (MİLAD ÖNCƏSİ ORUC DÖVRÜ) İLƏ BAĞLI MƏKTUBU

Mənim əziz bacılarım və qardaşlarım,

Sizin hər birinizi ürəkdən salamlayıram!

Koronavirus pandemiyası bütün dünyanın həyatını çətinləşdirib və hal hazırda da müasir bəşəriyyətin həyatının demək olar ki bütün sahələrinə öz mənfi təsirini göstərməkdə davam edir.  Təəsüf ki bizim münasibətlər də bu təsirə məruz qaldı. Artıq kifayət qədər uzun müddətdir ki, mən bir çoxunuzu görə bilmirəm, sizinlə şəxsən görüşmək imkanından məhrumam. Ona görə də elə qərara gəldim ki, sizə bu məktub vasitəsilə müraciət edim.

İlk öncə sizi əmin etmək istərdim ki, hər birinizi öz qəlbimdə daşıyıram, bu çətin dövrdə sizə xüsusi əziyyət verə biləcək mənəvi və maddi ehtiyaclarınız üçün və əlbəttə ki can sağlığınız üçün hər gün dua edirəm. 

Lakin səmimi isti salamlama sözlərindən əlavə mən sizə şəxsi və ailə mənəvi həyatınızı gücləndirə biləcək bir neçə ideya təklif etmək istərdim. Ümid edirəm ki, təkliflərimin sizə xeyri olacaq və pandemiyanın davam etməsi ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə yardım edəcək. Əminəm ki həyatımızın bu yeni dəyişkən dönəmində qəlbimizdə sülhün və yer üzündə səadətimizin zamini olan imanımızı və iman həyatımızı biz nəyinki gücləndirə bilərik, hətda onu inkişaf etdirə bilərik 

Bu gün Adventin ilk Rəbb Günü ilə yeni kilsə ili başlanır. Advent zamanı vasitəsilə Kilsə bizə bəşəri tarixin və İlahi Vəhyin bəzi təməl həqiqətlərini xatırlamağa yardım etmək istəyir. Advent ilk olaraq bizə Allahdan günaha görə ayrı düşən insanların əsrlər boyu necə çətin şəraitdə yaşadığı haqqda fikirləşməyi təklif edir və bununla bərabər seçilmiş xalq olan yahudi xalqın içərisində dünyanın Xilaskarının gəlişinə ümidin necə yaranıb artmasını bizə göstərir. 

Tarix bu gün də təkrarlanır. Müasir dünya şər ruhun yalanına uyaraq neçə problemlərdən əziyyət çəkir! Yənə də biz ağrı və qorxularımızdan azad olmaq üçün kiməsə və ya nəyəsə arxalanmaq istəyirik. Lakin əksər halda biz başa düşmürük ki bizim əzablarımızın səbəbkarı elə biz özümüzük çünki Allahın əmrlərinə uyğun olaraq yaşamaq istəmirik, öz zəifliyimizi qəbul etsək belə – Ondan kömək diləmirik.

Yalançı peyğəmbərlər və təlimlərin əsarətinə düşmüş müasirlərimiz bizdən, yəni bu dövrün imanlılarının dilindən Həqiqəti bəyan edən qədim peyğəmbərlərin və Allahın xidmətçilərinin çağırışını eşitməlidir. Bu gün biz öz nümunəmiz  ilə, öz sözümüz ilə insanlara Həqiqi Allahı və Ona aparan yolu tapmaqda kömək etməliyik.  

Biz gözəl bilirik bu nə dərəcədə çətin bir tapşırıqdır və bu yolda nə qədər maneələr var. Allahın iradəsini anlamaq, qəbul etmək və icra edə bilməyimiz üçün Kilsə biz imanlıları xüsusilə bu Advent dövründə şəxsən dəyişməyə çağırırır.

Allah haqqında şəhadət yalnız o halda etibarlı sayılır ki o Allahın Ruhunun ilhamı ilə  həyata keçirilir: əgər insan hər gün duada Allahı axtarır və Onun iradəsinə təslim olursa, əgər insan şəri rədd etmək istəyir və bunun üçün əlindən gələni edirsə, Allahın əmrlərinə riayət edir, yalançı bütlərdən və əqidələrdən imtina edirsə.

Əziz bacılar və qardaşlar, 

Pandemiya bizi iman həyatının bir çox ənənəvi vasitələrindən məhrum edib. Neçə insan həm iqtisadi cəhəddən həm də mənəvi cəhəddən əziyyət çəkir. Lakin bir tək itirdiklərimizə görə ağlayıb oturmaq və yaxud da nələrisə edə bilmədiyimiz üçün məyus olmaq kifayət etməz. Əksinə, imanlılar kimi biz mümkün olan mənəvi vasitələrdən daha böyük həvəs və səmərə ilə istifadə etməliyik. 

Müqəddəs Yazıda deyilir “…günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.” (Rom 5, 20b)

Allah hər zaman Onu axtaranların yanındadır. İndi də, tarixin bu çətin dövründə O bizi gözləyir və bizə Öz xeyirduasını bəxş etməyə hazırdır və beləliklə biz də bu dünya üçün bir xeyirduaya çevrilək.

Mən sizi xüsusilə Advent zamanı bu 3 sadə üsuldan istifadə etməyə dəvət edirəm:

  1. Səhər və axşam dualarına yenidən başlamaq və imkan varsa ailə ilə birlikdə dua etmək. Mən xüsusi olaraq Müqəddəs Yazı haqqda düşünməyi, Rozari duasını və katoliklərin digər ənənəvi dualarını tövsiyə etmək istərdim. Bu dualar vasitəsilə biz Allahın bizə görə olan iradəsini öyrənməliyik və Allahın iradəsinə əməl edə bilməyimiz üçün Ondan lütf diləməliyik.
  2. Advent zamanı vaxtınızı elə təşkil edin ki, heç olmasa həftədə bir dəfə kilsəni ziyarət edə biləsiniz. Çalışın elə bir vaxtda gəlin ki keşişlərimiz sizə tövbə ayini və Yevxaristiyanı verə bilsinlər, sizinlə söhbət edə bilsinlər.
  3. Bəzilərimiz bu ili “Allahın Kəlamı” ili kimi yaşamaq istədi. Biz yenidən anladıq ki Allahın Kəlamı canlıdır, həyat vericidir, o bizim qəlbimizi, düşüncə tərzimizi və vərdişlərimizi dəyişə bilər və bizi bu yer üzündə Allahın şahidlərinə çevirə bilər. Gəlin Advent zamanı Bibliyanı oxumağa davam edək, xüsusən də Lukanın nəql etdiyi İncili.

Əziz bacılar və qardaşlar,

Dua edirəm ki təklif etdiyim bu üç sadə vasitələrdən siz bu gündən istifadə etməyə başlayasınız və bu işdə bütün Advent boyu sabit qalasınız. Əgər bu sizdə alınsa, əminəm ki siz yeni mənəvi güc hiss edəcəksiniz və sizin dahili dəyişiminiz ətrafdakılar üçün əsil hədiyyə olacaq.

Bu Milad öncəsi səyahəti üçün xüsusi xeyirduamı qəbul edin: Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə. Amin.

 

Sizin yepiskop, +Vladimir

 

Bakı 29.11.2020