AZƏRBAYCANIN ƏNƏNƏVİ KONFESSİYALARININ RƏHBƏRLƏRİ VƏ NÜMAYƏNDƏLƏRİ BELÇİKA XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜB

Avqustun 24-də Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop Vladimir Fekete Azərbaycanın ənənəvi dinlərinin başçıları və nümayəndələrinin Azərbaycanda səfərdə olan Belçika Krallığının Xarici İşlər Naziri Hadja Labib ilə görüşündə iştirak etmişdir.

Görüş Qafqaz Müsəlmanlarının Başçısı, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında baş tutub.

Tədbir zamanı Azərbaycanda dinlərarası qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsi təsdiqlənib, həmçinin ölkənin Qarabağ bölgəsində münaqişəli vəziyyətlərin sülh yolu ilə həlli məsələləri də müzakirə olunub.

 

 

Tədbirdə çıxış edən yepiskop Vladimir Fekete ölkədə katolik icmasının azsaylı olmasına baxmayaraq, Azərbaycan Dövlətinin Kilsənin fəaliyyətinə hərtərəfli dəstək verdiyini vurğulayıb.

“Mən 14 il əvvəl Azərbaycana gəlmişəm və təkcə dövlət orqanlarının deyil, sadə insanların – paytaxt və regionların sakinlərinin də digər dinlərin və etnik qrupların nümayəndələrinə xüsusi qonaqpərvərlik, tolerantlıq və hörmət nümayiş etdirməsinə heyran olmuşam. Azərbaycan xalqı sülh arzusundadır və biz din xadimləri olaraq siyasətçilərin fəaliyyətini dualarımızla müşayiət edirik ki, Cənubi Qafqazda çoxdan gözlənilən sülh bərqərar olsun ”, – deyə yepiskop Vladimir qeyd edib.

Foto: www.qafqazislam.com