AZƏRBAYCANIN XRİSTİAN İCMALARININ RƏHBƏRLƏRİ VƏ NÜMAYƏNDƏLƏRİ XRİSTİANLARIN BİRLİYİ ÜÇÜN BİRGƏ DUA EDİB

Yepiskop Vladimir Fekete-nin başçılığı ilə Bakının Müqəddəs Məryəm katolik kilsəsində xristianların birliyi üçün ümumxristian dua mərasimi keçirilib.

Bu il xristianların birliyi üçün duaların əsas mövzusu kimi irqindən, milliyyətindən və dinindən asılı olmayaraq hər bir insana Allahın qeyd-şərtsiz məhəbbətinin nümunəsi olan Xeyirxah Samariyalı haqqında İncil məsəli seçilib.

Birgə duada Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, protoiyerey Konstantin Pominov, Alban-Uda Xristian İcmasının sədri Robert Mobili, Azərbaycanın Yevangelist-Lüteran İcmasının pastoru Gerxard Lemke, Azərbaycan Bibliya Cəmiyyətinin sədri  Rasim Xəlilov, ölkənin xristian icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

İbadət zamanı yepiskop Vladimir Fekete tədbir iştirakçılarına xütbə ilə müraciət edib.

“Məhəbbət xristian inancının DNT-sidir. Xristianlar, dini, etnik və sosial mənşəyindən asılı olmayaraq, Məsih kimi davranmağa, Xeyirxah Samariyalı kimi sevməyə, ehtiyacı olanlara mərhəmət və şəfqət göstərməyə çağırılır. Bizi başqasının köməyinə gəlməyə sövq edən ortaq identikliyimiz deyil, “yaxınımıza” olan sevgi olmalıdır. Bununla belə, İsanın “yaxınına məhəbbət” baxışı dünyada ciddi şəkildə sınaqdan keçirilir. Bir çox regionlardakı müharibələr, beynəlxalq münasibətlərdəki disbalans və bərabərsizlik bizim Məsih kimi sevmək qabiliyyətimizə mane olur. Məhz fərqlərimizə baxmayaraq, bir-birini sevməyi öyrənməklə xristianlar İncildəki Samariyalı kimi kiməsə “yaxın” ola bilərlər”, – deyə yepiskop Vladimir Fekete öz xütbəsində qeyd etdi.