AZƏRBAYCAN KATOLİKLƏRİ MƏSİHİN NURLU DİRİLİŞİ – PASXA BAYRAMINI QEYD ETDİLƏR

Azərbaycanın katolik icması böyük sevinc və dərin dua ruhu ilə xristian imanının ən böyük bayramı — Rəbbimiz İsa Məsihin Nurlu Dirilişini qeyd etdi.

Aprelin 4-ü, Bayram ərəfəsində, Müqəddəs Şənbə günü, Müqəddəs Məryəm kilsəsində Pasxa Gecəsinin Müqəddəs Messası keçirildi. Liturgiyaya Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete həzrətləri rəhbərlik etdi. Yepiskopu kilsənin ruhaniləri müşayiət etdilər. İşıq və həyatın qədim simvolları ilə zəngin olan bu ibadət azərbaycan, rus və ingilis dillərində keçirildi ki, bu da Kilsənin ümumdünya təbiətini və müxtəlif mədəniyyətlərə mənsub imanlıların birliyini aydın şəkildə nümayiş etdirdi.

Pasxa gecə ibadəti Azərbaycanda yaşayan bütün katoliki bir araya topladı. İbadətdə həmçinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və paytaxt sakinləri iştirak edərək katolik icması ilə birlikdə bayram sevincini bölüşdülər.

Aprelin 5-də, Nurlu Diriliş günündə kilsədə yepiskop Vladimir Fekete həzrətlərinin başçılığı ilə Pasxanın Müqəddəs Messası keçirildi. İmanlılara müraciət edərək yepiskop, Pasxa salamını səsləndirdi: «Məsih dirildi! Həqiqətən dirildi! Bu bəyanat qəlbimizi ümidlə doldurur: həyatımızın sonu məzar deyil, İsa ilə görüşdür!»

İbadətdən sonra kilsənin nahar zalında bayram münasibətilə çay süfrəsi təşkil olundu.