AZƏRBAYCAN KATOLİKLƏRİ MİLAD BAYRAMININ ƏRƏFƏSİNİ QEYD EDİB
Dekabrın 24-ü Azərbaycanın katolik icması Milad Bayramı ərəfəsini qeyd edib. Bakı şəhərinin baş katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsində keçirilən Müqəddəs Messaya Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete həzrətləri başçılıq edib. Yepiskop Vladimir həzrətlərini ibadət zamanı Prefekturanın general vikarisi Yozef Marek, Müqəddəs Məryəm kilsəsinin baş keşişi Martin Bonkalo və kilsənin keşişi Emil Şafar müşayiət ediblər. İbadət azərbaycan və rus dillərində keçirilib.
Yepiskop Vladimir Fekete həzrətləri ibadətə toplaşanlara moizə ilə müraciət edib.
“Əsl Milad sevinci Allahla və insanlarla barışmanın nəticəsidir. Beləliklə, gəlin bağışlanma və minnətdarlıq üçün səssiz bir duaya vaxt ayıraq. Ola bilsin, elə burada, bu axurun qarşısında. Və köməksiz uşağa çevrilmiş Allahdan xahiş edək ki, özümüzü başqalarına xidmətə və onları başa düşməyə həsr etmək üçün O bizim içimizdə güc tapsın. Bu yolla biz daha çox insanlıq, daha çox dostluq, daha çox səbr və dözümlülük, daha çox inam, daha çox ədalət, daha çox bağışlama, daha çox sevgi, daha çox cəsarət, daha çox səxavət, daha çox xeyirxahlıq, daha çox yaxşılıq, daha çox birlik, daha çox sülh, daha çox həqiqi sevinc tapacayıq.
Qardaşlarım və bacılarım, sizin hamınızdan ürəkdən arzuladığım və xahiş etdiyim budur. İnanıram ki, bu Milad günlərində bunu yaşasaq, gələn il ərzində də bunun üçün çalışacağıq. Rəbb Allah bu işdə bizə kömək olsun. Amin.”,- deyə yepiskop Vladimir Fekete öz moizəsində vurğulayıb.




















