AZƏRBAYCAN KATOLİKLƏRİ TAXT-TAC BAYRAMINI QEYD EDİBLƏR

Katolik Kilsəsi tərəfindən hər il dekabrın 8-də qeyd olunan Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi bayramı Azərbaycan katoliklərinin taxt-tac bayramıdır, çünki Kilsənin Azərbaycandakı Apostol Prefekturasının əsas məbədi katolik imanının bu qədim həqiqətinə həsr edilib.
Bu il bayram günü Adventin II Rəbb Gününə təsadüf etdiyinə görə, Bayram dekabrın 9-da qeyd edilib.
Dekabrın 9-da, saat 19:00-da keçirilən Bayram Messasına Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete başçılıq edib. İbadət zamanı yepiskop həzrətlərini Prefekturanın general vikarisi ata Yozef Marek (SDB), Əqdəs Bakirə Məryəm prixodunun baş keşişi ata Martin Bonkalo (SDB), müq. II İoann Pavel prixodunun baş keşişi Behbud Mustafayev, salezian ordeninin keşişləri ata Emil Şafar və ata Vladimir Baksa müşayiət ediblər.
Müqəddəs Messanın sonunda, Kilsənin ənənəsinə uyğun olaraq, yepiskop Vladimir Fekete, Uca Allah Pakizə Məryəm Ananın şəfaətilə Azərbaycandakı Kilsəsin möminlərinin imanını, ümidini və məhəbbətini artırsın deyə, ölkəmizə sülh və əminamanlıq, xalqa ruhani və cismani möhkəmlik bəxş etsin deyə Allahın Əqdəs Validəsinə Həsr Edilmə Aktını yerinə yetirdi.
İbadətdən sonra imanlılar və kilsənin qonaqları bayram çay süfrəsinə dəvət olundular.