AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ, YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN 2025-Cİ YUBİLEY İLİNİN BAŞLANMASI İLƏ ƏLAQƏDAR PASTIR MÜRACİƏTİ
Əziz İsa Məsihdə bacılar və qardaşlar!
2025-ci il bütün dünya üzrə Katolik Kilsəsində Müqəddəs və ya Yubiley ili kimi qeyd olunacaq. Çoxları sual verə bilər: bunu necə başa düşməliyik və Yubiley ilinin mənası nədir? Artıq Əhdi-Ətiqdə, Levililər kitabında biz hər əllinci ili Allahla və başqaları ilə barışıq ili kimi qəbul etmək üçün Rəbb Allahın çağırışını eşidirik. Yubiley illərində israillilər Allahla və bir-birləri ilə sülh axtarıb onun üçün dua etməli, həmçinin Allahın Qanununa sədaqətlərini təzələməli və bununla da günah və insanın zəifliyi ucbatından məhv edilmiş və ya təhrif edilmiş hər şeyi düzəltməli idilər.
1300-cü ildə Papa VIII Bonifasiy bu qədim Bibliya ənənəsini Müqəddəs və ya Yubiley ili adı altında Katolik Kilsəsinin həyatına daxil etdi. Əvvəlcə yubileyin yüz ildən bir keçirilməsi nəzərdə tutulurdu. Papa VI Klement onu hər yarım əsrdən bir qeyd etməyi qərara aldı. Ancaq hər bir insanın həyatında ən azı bir dəfə bu bayramlarda iştirak edə bilməsi üçün Papa II Pavel 1470-ci ildə Yubiley ilini iyirmi beş ildə bir dəfə qeyd etməyi qərara aldı.
Müqəddəs İlin qeyd edilməsi hər zaman Roma, Yerusəlim və ya yerli yepiskoplar tərəfindən elan edilən digər xristian ziyarətgahlarına səfər etmək çağırışı ilə əlaqəlidir. Kilsə bu il bizi imanımızı və mənəvi həyatımızı yeniləməyə, qonşularımızla münasibətlərimizdəki yaraları sağaltmağa və Yubiley ilinə həsr olunmuş xüsusi indulgensiyalar almağa dəvət edir. Onların əldə edilməsi qaydaları Apostol Penitensiarıasının 23 may 2024-cü il tarixli Dekretində, onların Azərbaycanda Apostol Prefekturasının şəraitində tətbiqi isə 8 dekabr 2024-cü il tarixli müvafiq Dekretdə göstərilib.
2025-ci yubiley ili “Ümid zəvvarları” devizi altında keçiriləcək. Buna görə də hamımız bu ili yenidən kəşf edəcəyimiz və başqaları ilə paylaşacağımız bir ümid ziyarəti kimi yaşamalıyıq. Yubiley ili Romadakı Müqəddəs Pyotr Bazilikasında Müqəddəs Qapıların açılması kimi dərin simvolik jestlə başlayacaq. Həvari Yəhya İncilində qoyun ağının, yəni Kilsənin qapısının İsanın Özü olduğunu deyir: “Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib- çıxar və özünə otlaq tapar.” (Yəhya 10:9).
Yubiley ürəklərimizin, evlərimizin və icmalarımızın qapılarını Məsihə açdığımız lütf zamanıdır və biz özümüz İsa olan canlı məbədə daxil oluruq ki, onda Allahın məhəbbət təcrübəsini, Allahla və Onda bir-birimiz ilə ünsiyyət sevinci təcrübəsini ya.ayaq. “Qoy hər kəs üçün bu, xilasın “qapısı” olan, Kilsənin həmişə, hər yerdə və hər kəsə “ümidimiz” kimi bəyan etdiyi Rəbb İsa ilə canlı və şəxsi görüş anı olsun (Yəhya 10:7.9); (1 Tim 1:1)” (Fransisk, Bulla “Spes non confundit”, 1).
Ümid fəqir həyatımıza sonsuz, əbədi bir perspektiv verir. Bu, xristian ikonoqrafiyasında həmişə ümidin rəmzi kimi istifadə olunan lövbərin simvolu ilə göstərilir. Biz bu rəmzi İbranilərə Məktubda tapırıq: “Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu” (İbr. 6:19-20).
Əgər həyatımızda bağışlanma və barışıq hökm sürmürsə, orada ümidə yer olmur. Buna necə də ehtiyacımız var! Biz bağışlamadan, barışmadan günlərlə, aylarla, illərlə yaşayırıq! Müqəddəs Avqustin isə deyir: “Həyatımızın şanlı olması üçün təqsirlərimizin bağışlanmasını diləyək. Ümidi olmayan insanlar isə nə qədər öz günahlarını az görürlərsə, bir o qədər tez həmin günahları qonşularında axtarıb tapırlar. Və bunu şəri yox etmək üçün deyil, başqalarını qınamaq üçün edirlər. Özlərinə heç bir bəraət tapmadan başqalarını günahlandırmağa hazırdırlar”. Bizi tövbəyə təşviq edən ümiddir.
Qoy bu Yubiley ili tövbə ayininin gözəlliyini, ümidini və əzəmətini yenidən kəşf etdiyimiz dövr olsun. Mən bütün keşişlərə səslənirəm ki, imanlılar üçün tövbə ayinini bütün mənalarda daha əlçatan etsinlər. Müjdənin həqiqəti bizi yalnız əxlaqi dilemmalarımız və ya praktiki çətinliklərimiz üzərində dayanmağa deyil, həmişə bizdən daha çətin vəziyyətdə olanları xatırlamağa təşviq edir. İcmalarımızda yaxınlarını itirənlər, tənha qalanlar və ya ailə daxilindəki parçalanmalar ucbatından kənarda qalanlar var. Getdikcə daha çox insan həyatı üçün təhlükələrdən qaçmağa məcbur olub, işini, mənzilini və gələcək perspektivlərini itirib bizə müraciət edir. Aramızda çətin reallıqlarla təkbaşına barışa bilməməkdən ruhdan düşən və ümidsizliyə düşənlər var. “Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin” (Qal 6:2). Kilsə daxilində biz bütün problemləri həll edə bilmərik, lakin bir-birimizlə çörək, vaxt, dua və müqəddəs Yevxaristiyanı paylaşa bilərik – və bu, həm başqaları, həm də özümüz üçün xilasedici ola bilər.
Apostol Prefekturamızda yubiley ili daha bir əlamətdar tarixə təsadüf edir: 14 sentyabr 2025-ci ildə biz Yerli Kilsəmizin “Missio sui iuris bakuensis” kimi yaradılmasının və Müqəddəs Taxt-Tac tərəfindən onun Don Bosko Salezianları konqreqasiyasına tapşırılmasının 25-ci ildönümünü qeyd edəcəyik. Bizim üçün bu, uzun illər davam edən təqiblərdən sonra Azərbaycanda Katolik Kilsəsinin dirçəlməsinə və bu illər ərzində gördüyümüz çoxsaylı bəhrələrə görə Allaha şükür etmək üçün sevincli fürsətdir. Əsrin dörddəbiri tarix üçün çox qısa bir müddətdir, lakin biz bilirik ki, Rəbbin nəzərində “bir gün min il kimidir”, ona görə də kiçik bir xeyirxahlıq belə, Allaha bəxş edilsə, bütün dünyanı dəyişə bilər. Bu, bizim real, təsirli ümidimizdir! “Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır”
(Fil 4:13). Qoy bu il bizdə qəlbimizin dirilmiş Məsih tərəfindən fəth edilməsi arzusunu oyatsın ki, heç bir məğlubiyyət, uğursuzluq və ya əzab həyatın dolğunluğuna gedən yolumuzu dayandıra bilməsin. Qoy bu Yubiley ili bizə öz çağırışımızı və missiyamızı yenidən kəşf etməyə kömək etsin və hələ də həyatda öz yollarını axtaran gənclər Məsihin onları çağırdığını evinclə anlasınlar və çağırış yolu ilə cəsarətlə getmək əzmini əldə etsinlər.
Qoy günahsız döllənmiş, cismi və ruhu ilə göylərə götürülmüş Allahın Validəsi, Ümidin Anası, bütün addımlarımızı müşayiət etsin.
Gəl, ey Müqəddəs Ruh, Məryəmin vasitəsilə gəl.
Veni Sancte Spiritus, veni per Mariam.
Başladığımız pastır ili üçün xeyir-duanı qəbul edin – + Ata, + Oğul və + Müqəddəs Ruhun Adı ilə.
+Vladimir SDB
Munisipe yepiskopu və Azərbaycanın apostol prefekti
Bakı şəhəri, 8 dekabr 2024-cü il.