AZƏRBAYCANIN DİNİ KONFESSİYALARININ MƏŞVƏRƏT ŞURASI PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRİB

ZATİ-ALİLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

CƏNAB İLHAM ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurası olaraq Cənabınızı yeni 2026-cı ildə səmimi qəlbdən salamlayır, Sizə və ailənizə ən xoş arzu və xeyir dualarımızı yetiririk.

Zati-aliləri!

Yeni ilin ilk günlərində Azərbaycan dini icmalarına nümayiş  etdirdiyiniz yüksək diqqət və qayğıya, əməli dəstəyə görə dərin ehtiram və  minnətdarlığımızı ifadə etməkdən böyük şərəf duyuruq.   Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın həyatın bütün sahələrində uğur və nailiyyətlərinin müəllifi olan Cənabınızın dini-mənəvi sahəyə yüksək dəyər kəsb  edən ənənəvi himayəsi, maddi-mənəvi dəstəyi Uca Yaradanın Nəzərində bəyənilən əməl olub, bütün dünya üçün gözəl nümunədir. Ulu Öndər Heydər Əliyevin başlatdığı  uca mənəviyyat yolunu zirvələrə qaldıran Zati-aliləriniz Azərbaycan dövlətinin milli mənəvi və ümumbəşəri-multikulural dəyərlərə əsaslanan dövlət siyasətini beynəlxalq  müstəvidə möhkəmləndirməyə nail olmuş dünyamiqyaslı qətiyyətli lider, müdrik  dövlət xadimisiniz.

Biz, Azərbaycandakı dini konfessiyaların başçıları, Sizin şəxsiyyətinizlə,  ölkədaxili və bəşəri əhəmiyyət kəsb edən qərar və təşəbbüslərinizlə fəxr edir, dünya  müstəvisində qazandığınız etimad səviyyəsi ilə qürur duyuruq. Azərbaycan Sizin  öndərliyinizlə müdrik dövlət idarəçiliyi nümunəsi ilə göstərir ki, ənənəvi dəyərlərə  ehtiram, multikultural irs və dinc yanaşı yaşamaq mədəniyyəti sayəsində dövlətlər necə  böyük zəfərlər qazana, xarüqələr yarada bilərlər. Azərbaycanın ərazi bütövlüyünü və  əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-alilərinizin rəhbərliyi ilə  qazandığımız Böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi diplomatik müstəvidə Vaşinqton Sülh Zirvəsində üçtərəfli çərçivə sazişinin  imzalanması, Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi kimi tarixi  əhəmiyyətli zəfərlər bəxş etməkdəsiniz. Dünyada mənəvi dəyərlər sistemində yaşanan  böhranlar, etnik, dini, irqi zəmində qarşıdurmalar, hökm sürən ksenofob düşüncələr  müqabilində Azərbaycan öz dini-mənəvi harmoniya mühiti, dinlərarası dostluq və  qardaşlıq, məzhəblərarası anlaşma mədəniyyəti, multikulturalizm modeli ilə bir dan  ulduzu, düzgün yol göstərən mayakdır. Bu mayakın işığına qüvvət verən Sizin təfəkkür  və əməllərinizdir, cənab Prezident! Sizin mənəvi irsə, dini məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alilərinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Əminik ki, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi qədim mədəni-mənəvi abidələrimizin, dünya əhəmiyyətli dini məbədlərimizin milli memarlığın çoxəsrlik zəngin, parlaq ənənələrinə uyğun bərpa və  yenidənqurulması, yenilərinin inşa olunması işinə dəyərli töhfələrini verəcəkdir, inşallah.

Zati-aliləri!

Əmin ola bilərsiniz, Azərbaycan din xadimləri, bütün dindarlar hər zaman Zati-alilərinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi  dəstəkləyirlər və duaları həmişə Sizinlədir. Azərbaycan xalqı və dövləti naminə fədakar  fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan  müzəffər liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Allah hər zaman Zati-alilərinizi zirvələrdə qərar versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSİY

Rus Pravoslav Kilsəsinin

Bakı və Azərbaycan yepiskopu

Vladimir FEKETE

Roma Katolik Kilsəsinin

Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Milix YEVDAYEV

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr ŞAROVSKİ

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ

Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İSAYEV

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri