AZƏRBAYCANIN KATOLİK İCMASI BAKIDA KEÇİRİLƏN “FƏRQLİLİYİN RƏNGİ” ADLI DİNLƏRARASI FESTİVALDA İŞTİRAK EDİB
“BAKU EXPO” Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən “Fərqliliyin rəngi” festivalının təntənəli açılışı keçirilib. Azərbaycanda fəaliyyət göstərən dini icmaların qatıldığı bu genişmiqyaslı tədbirin məqsədi ölkənin dini və mədəni müxtəlifliyini təqdim etmək, multikulturalizm və tolerantlıq dəyərlərini təbliq və təşviq etmək idi. İcmalar üçün xüsusi hazırlanmış stendlərdə dini ədəbiyyat, ibadət əşyaları, dini atributlar nümayiş etdirildi.
Festivalın rəsmi açılış mərasimində Dini İcmalarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Səlman Musayev, Parlamentin İctimai Birliklər və Dini Qurumlar üzrə Komitəsinin sədri Fazil Mustafa və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış etdilər.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek salamlama nitqində festivalın təşkilatçılarına minnətdarlığını bildirərək, birlik, dözümlülük və sülh dəyərlərinin geniş təbliğatının vacibliyini vurğuladı.
Festivalın bədii hissəsində Azərbaycanın Apostol Prefekturasını Müqəddəs Məryəm katolik kilsəsinin imanlıları Abdullayeva Milena, Françuk İrina və Hacıyevə Zarema təmsil etdilər. Onların ifasında “Kyrie, eleison” və “Christus vincit” ilahiləri səsləndirildi.
Tədbirin sonunda festival iştirakçılarına sertifikatlar təqdim olundu.















