AZƏRBAYCANIN SALEZİAN AİLƏSİ MÜQƏDDƏS MƏRYƏM – XRISTİYANLARIN KÖMƏKÇİSİ BAYRAMINI QEYD EDİB

Mayın 24-də Salezian Konqreqasiyasının keşişləri, rahibləri və əməkdaşları Müqəddəs Məryəm – Xristianların Köməkçisi bayramını qeyd edirlər. Bu bayram 1815-ci ildə Papa VII Pius tərəfindən Müqəddəs Məryəmin Kilsəyə göstərdiyi qayğısına görə minnətdarlıq əlaməti olaraq təsis edilmişdir. Salezian Ordeninin banisi, müq. Covanni Bosko Müqəddəs Məryəmə Xristianların Köməkçisi olaraq ehtiram edilməsinin yayılmasında böyük rol oynamışdır. Buna görə də bu bayram Salezian Konqreqasiyasının  bütün rahibləri və əməkdaşları üçün xüsusilə əzizdir.

Mayın 23-də, Bayram ərəfəsində, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Müqəddəs Məryəm kilsəsində axşam bayram Messasını keçirib.  Yepiskop həzrətlərini kilsənin ruhaniləri müşayiət ediblər. İbadətin əvvəlində yepiskop Vladimir Fekete toplaşanlara salamlama sözü ilə müraciət edib.

“Hər birimizin öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz və ümidsizliyə səbəb ola biləcək bir çox ehtiyacları və problemləri var. Ancaq problemlər təkcə şəxsi həyatımızda olmur. Biz dünyanın qanlı münaqişələrdən, nifaqlardan əziyyət çəkdiyini görürük. Görünür, bəşəriyyət onlardan qurtula bilmir. Bu, bütün maneələrə baxmayaraq, gənclərə dost və nəsihətçi olmaq və Kilsə daxilində məqsədi gənclərin əxlaqi və mənəvi tərbiyəsinə qayğı göstərmək olan bütöv bir hərəkat yaratmaq çağırışını yerinə yetirə bilən müqəddəs Covanni Boskonun dövründə də  belə idi. Don Bosko bütün qeyri-mümkün görünən işlərində Müqəddəs Məryəmin şəfaətinə arxalandı və öz davamçılarını və bütün Kilsəsi şövq ilə bunu etməyə çağırdı. Gəlin biz də müqəddəs Covanni Boskodan nümunə götürək, bütün ehtiyaclarımızı, eləcə də yaxınlarımızın ehtiyaclarını, bütün dünyanın ehtiyaclarını Məryəm Ananın dualarına həvalə edək və qəlbimizi Allaha açaq” – deyə, Azərbaycanın apostol prefekti imanlılara çağırış etdi.

Mayın 24-də, Bayram günü, Azərbaycanın Salezian icmasının direktoru və Müqəddəs Məryəm kilsəsinin baş keşişi ata Martin Bonkalo (SDB), salezian qardaşların müşayiəti ilə, bayramın Müqəddəs Messasını keçirib. İbadətdən sonra kilsə gəncləri üçün idman oyunları və kilsə ərazisində təmiz havada “piknik” təşkil edilib.

Bayramın sonunda imanlılar Müqəddəs Rozari duasını birlikdə etdilər. Duanın sonunda yepiskop Vladimir Fekete Müqəddəs Məryəmin şəfaəti ilə kilsədə toplaşanların hamısına xüsusi xeyir-dua verdi.