AZƏRBAYCANIN XRİSTİAN İCMALARININ RƏHBƏRLƏRİ VƏ NÜMAYƏNDƏLƏRİ XRİSTİANLARIN BİRLİYİ ÜÇÜN BİRGƏ DUA EDİB
Yanvarın 19-da, yepiskop Vladimir Fekete-nin başçılığı ilə Bakının Müqəddəs Məryəm katolik kilsəsində xristianların birliyi üçün ümumxristian dua mərasimi keçirilib.
Birlik, təkcə ideal deyil, həm də Kilsənin çağırışının mahiyyəti kimi xristian kimliyimizin mərkəzində duran Allahın əmridir: Məsihdəki həyatımızın ahəngdar birliyini müxtəliflikdə əks etdirmək əmri. Həvari Paul Efeslilərə məktubunda dediyi kimi: “Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir” (Efeslilərə 4,4). Müqəddəs Kitabın bu il üçün seçilmiş bu ayəsi xristian birliyinin teoloji dərinliyini əks etdirir.
Birgə duada Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov, Alban-udi xristian icmasının başçısı Robert Mobili, “Vinyard” xristian icmasının baş pastoru Emil Pənahov, Bakı Presviterian icmasının başçısı Pərviz Mahmudov və ölkənin digər xristian icmalarının rəhbərləri və nümayəndələri iştirak etdilər.
Tədbirin sonunda duada iştirak edənlər “agape” – qardaş süfrəsinə dəvət olundular.














