“Bəşəriyyətin tarixini dəyişdirən cavab” – Afət Əfəndinin fikirləri

Kilsə ilinin Milad Dövrü Rəbbin Vəftizi bayramı günündə başa çatmasına baxmayaraq, yanvar ayının liturgik oxunuşları, Rəbbin Təqdim Edilməsi bayramına qədər bizi Allahın Zühuru Sirrinə qərq etməyə davam etdi.
Biz bu yolu Fövqələqdəs Məryəm ilə birlikdə keçdik.
Bu liturgiya dövrünün sonunda katolik icmasının üzvü Afət Əfəndinin Məryəm və onun Qurtuluş tarixindəki rolu haqqında fikirlərini diqqətinizə çatdırırıq.
___________________________________
Bəşəriyyətin tarixini dəyişdirən cavab: “Qoy mənə sənin dediyin kimi olsun”
Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Yeşaya 7:14
Bu sözlər təkcə Məsihin gəlişindən xəbər vermir, həm də Allahın tam bütövlüyünün bədəncə Məsihdə yaşayacaqından və Onu məhz bakirə qızın dünyaya gətirəcəyini müjdələyir.
Məsihin doğulmasından 700 il əvvəl Əhdi-Ətiq peyğəmbəri olan Yeşayanın bəhs etdiyi həmin qız Məryəm idi.
Məryəmin bütün həyatı: gənc qız vaxtlarından ta Məsihin Anası olmasına qədər, bizə Allaha güvənməyi və sədaqətli olmağı öyrədir, Rəbbin nə qədər vəfalı olmağından danışır.
Xilasımız başlanğıcı Onun itaətkarlığıdır
Əgər lüğətə nəzər salsaq, görərik ki, “itaət” kəlməsi “sözə qulaq asma, göstərişləri sorğu-sualsız yerinə yetirmə” anlamını verir. Lakin Məryəm bizə itaətin hər şeydən əvvəl etibarla bağlı olduğunu göstərir. Daha dəqiq olsaq, itaət Allahın Özünə güvən bəsləməkdir.
Gəlin bir anlıq təsəvvür edək ki, gənc nişanlı qıza mələk görünür və onun Allahın lütfünə nail olduğunu, hamilə olub bir Oğul doğacağını deyir. Bir şeydən tam əmin ola bilərik ki, Məryəm həmin o anda təəccübdən donub qalmışdı.
Onun cəsarətinə həmişə heyran oluram: mələyə sual verir, onunla dialoq qurur. Nəticədə isə cavab alır! Neçə dəfə həyatımızda bu cür mühüm dialoqdan qaçdığımız olub? Müraciət etməkdən, soruşmaqdan çəkinirik? Yoxsa nə düşündüyümüzü belə bilən Birindən cavab ala bilməyəcəyimizdən qorxuruq?
Məryəmin mələk Cəbrayıla verdiyi cavab Müqəddəs Kəlamın ən təsirli səhnələrindən biridir. Cəmiyyətdən kəsilib atılmaq, daş-qalaq edilmək – bütün bunların onu gözlədiyini bilə-bilə Məryəm yenə də həyatını Allahın vədinə həsr etmək qərarına gəlir və Ona arxalanır. “Qoy mənə sənin dediyin kimi olsun” deyərək, Məryəm etibar etməyi seçir.
“… Artıq mən yaşamıram, Məsih məndə yaşayır”
Müjdəni qəbul etdikdən sonra Məryəm sözün əsl mənasında İsa ilə yaşamağa başladı və Onu Qolqofa Xaçına qədər müşayiət etdi. İsa ilə yaşamaq həyatın bəzən hətta ciddi yük ola biləcək çağırışlarını qəbul etmək deməkdir. Məryəm bu cür çağırışları hələ Oğlunun doğulmasından əvvəl də qəbul edirdi. Bəzən adama elə gəlir ki, Məryəmin ətrafında olan hər bir şey inadla onun həyatında baş verənlərə qarşı idi.
Gənc qız Məsihin anası olacaq?! Buna inanacaq bir adam belə tapılmazdı!
Övladını dünyaya gətirmək və körpəni bələyib axura qoymaq, “çünki qonaq evində onlara yer tapılmadı” (Luka 2:6,7) … Axı necə?! Necə olur ki, bu ecazkar körpə üçün yer tapılmır…?! Məryəm isə itaət nümayiş etdirməkdə davam edir.
“Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub. Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq” (Luka 2:34-35)
Şimeonun peyğəmbərlik etdiyi kimi, İsanın xidməti Yerusəlimi (sonunda isə dünyanı) alt-üst edir. Lakin onun peyğəmbərliyinin son sözləri xüsusi diqqətə layiqdir. İsanın bütün bunları yerinə yetirməsi üçün Məryəm iztirab çəkməli idi.
O, İsanın oynayacağı rolu bəlkə də başa düşürdü, lakin bütün ssenarini bilmirdi. Məryəm Oğlunun çarmıxa çəkilməsinin canlı şahidi oldu və Şimeonun dediyi kimi, onun köksünə sanki qılınc saplandı.
Aramızda bir çoxları Məryəm kimidir. Bəzən İsa ilə birlikdə addımlamaq üçün çox şeydən imtina etməyə məcbur oluruq. Bir vacib məqamı unutmayaq ki, yaşadığımız həyat Məsihlə şəxsi tanışlıq vaxtıdır, axı biz əbədi olaraq Onunla olacağıq. Yer üzündə yaşadıqca isə Onun bizə uzatdığı, günahlarımızla dəlinmiş əlindən tutaraq Allahın iradəsini qəbul etməyi öyrənirik. Çünki Onun yolları, Onun fikirləri bizim yollarımızdan və fikirlərimizdən göylərin yer üzündən yüksək olduğu qədər ucadır. (Yeşaya 55:9).
Burada, yer üzündə bəzən nələrisə qurban verməli oluruq. Qurbanların ən böyüyü isə adi həyat tərzindən və hətta öyrəşdiyimiz düşüncə tərzindən belə imtina etməkdir. Axı artıq biz deyil, Məsih bizdə yaşayır (Qal. 2:20).
Qoy O, səndə yaşasın.
Heç nəyə, heç kimə baxmayaraq, nə olursa olsun səndə yaşasın.
Hər zaman səndə yaşasın.