BAKIDA AZƏRBAYCAN DİN XADİMLƏRİNİN FORUMU KEÇİRİLİB
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 23-də Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin forumu keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçılarına müraciəti oxunub.
Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Forumda Azərbaycanın dini icmalarının rəhbərləri və nümayəndələri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin müəllimləri, KİV nümayəndələri, ölkənin bütün bölgələrindən olan 300-dən çox dini xadim iştirak edib.
Forumun açılışında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Milli Akademiyasının prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış etdilər.
Açılış mərasimindən sonra Forum panel iclasları ilə davam edib.
Forumun işində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iştirak edib. “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” mövzusuna həsr olunan panel iclasında çıxış edən yepiskop Vladimir Fekete, Azərbaycanda katolik icmasına göstərilən diqqət və qayğıdan, din və dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərdən və Azərbaycan multikulturalizm siyasətinin uğurlarından danışıb.












