BAKIDA “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

8 Noyabr – Zəfər Günü, eləcə də hər il noyabrın 16-da qeyd olunan Beynəlxalq Tolerantlıq Günü ərəfəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakıda “Biz birlikdə güclüyük” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, dini icmaların rəhbərləri və nümayəndələri, ictimaiyyət nümayəndələri və media əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra ölkədəki dini icmaların həyatından, onların arasındakı xoş münasibətdən bəhs edən sənədli film tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası adından tədbirdə çıxış edən Prefekturanın general vikarisi ata Yozef Marek Azərbaycanın apostol prefekti yepiskop Vladimir Feketenin konfrans iştirakçılarına müraciətini oxuyub.
Yepiskop Vladimir Fekete öz müraciətində, digər məsələlərlə yanaşı, aşağıdakıları qeyd etdi:
“Bu gün, Qələbə Günü ərəfəsində biz müxtəliflikdə birlik sərvəti haqqında bir daha düşünməyə dəvət edilmişik. Konfransımızın adı özü özünü açıqlayır – “Biz birlikdə güclüyük.” Bu qısa ifadə Azərbaycanın bütün tarixi təcrübəsini ehtiva edir…
… Fikrimizi Azərbaycanın müasir tarixində baş verən hadisələrə, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəltməklə əminliklə deyə bilərik ki, Azərbaycan dövləti və cəmiyyəti həqiqətən də Azərbaycan xalqının çoxmillətliliyini və çoxkonfessiyalılığını ölkə qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün ən güclü resurslardan birinə çevirə bilib…
Onu da qeyd etməliyik ki, bu gün Azərbaycan, dövlətin və dini qurumların bir-birinin işinə qarışmamaq prinsipini qoruyaraq bütün cəmiyyətin mənafeyi naminə uğurlu qarşılıqlı əməkdaşlığın canlı nümunəsidir… “Biz birlikdə güclüyük” şüarı həm də azərbaycanlıların gələcək nəsillərinə çağırışdır, onlara bir xatırlamadır ki, əgər onlar öz vətənini sevirlərsə və onun çiçəklənməsini arzulayırlarsa, onun müxtəliflikdə birliyini qoruyub saxlamalı və gücləndirməlidirlər.
Uca Yaradan Azərbaycana xeyirdua, sülh və əmin-amanlıq bəxş etsin”.