BAKIDA DİNİ LİDERLƏRİN “DÜNYA DİNLƏRİ YAŞIL PLANET NAMİNƏ” MÖVZUSUNDA QLOBAL SAMMİTİ KEÇİRİLİB
Noyabrın 5-i və 6-ı Azərbaycanın paytaxtında Dini Liderlərin Qlobal Sammiti keçirilib. “Dünya dinləri yaşıl planet naminə” mövzusunda keçirilən sammit BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən təşkil olunub.
Tədbirdə 50-dən çox ölkədən nümayəndə iştirak edib. Müqəddəs Taxt-Tac-ı Sammitdə Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti təmsil edib. Tədbirdə həmçinin Katolik Kilsəsi adından Dinlərarası Dialoq Dikasteriyasının İslamla Dialoq Departamentinin direktoru Xalid Akaşe, kardinal Peter Erdö-nün xüsusi nümayəndəsi Mixal Kranitz (Macarıstan), Kallao-nun fəxri yepiskopu Xose Luis del Palasio (İspaniya), Feira de Santana-nın arxiyepiskop-mitropoliti Zanoni Demettino Kastro (Braziliya) və digərləri iştirak ediblər.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete və Prefekturanın mətbuat katibi T.Ağayev sammitin işində iştirak ediblər.





