BAKIDA “PREZİDENT İLHAM ƏLİYEVİN SİYASƏTİ: DÜNYAVİLİK VƏ MULTİKULTURAL DƏYƏRLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Prezident İlham Əliyevin siyasəti: dünyəvilik və multikultural dəyərlər” mövzusunda konfransın işində iştirak edib.

Yepiskop Vladimir Fekete konfransın mövzusu ilə bağlı məruzə ilə çıxış edib.

“Nə üçün multikulturalizmin qorunub saxlanması ölkənin təhlükəsizliyinin və inkişafının təmin edilməsi üçün bu qədər vacibdir?  Sirr deyil ki, bəzən bir ölkənin etnik və dini müxtəlifliyi daxili siyasi sabitliyi pozmağa çalışan qüvvələrin fəaliyyətinin hədəfinə çevrilə bilər.  Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinin ilk günlərində oxşar təhlükələrlə üzləşdi.  Lakin müəllifi Heydər Əliyev olan “azərbaycançılıq” məfkurəsi və İlham Əliyevin bu sahədə siyasi-diplomatik fəaliyyəti bu təhlükələri neytrallaşdırır. Bu gün Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.  Azərbaycan bizim ümumi evimizdir, onun rifahı üçün hər birimiz öz imkanımız və səlahiyyətimiz daxilində səy  göstəririk.  Bu isə İlham Əliyevin milli həmrəyliyin təmin olunmasının ən səmərəli vasitəsi kimi multikulturalizm və tolerantlıq ideyalarının qorunub saxlanılmasına və möhkəmləndirilməsinə yönəlmiş siyasi kursunun bilavasitə nəticəsidir”  – yepiskop Vladimir Fekete öz məruzəsində vurğulayıb.