Bütün Müqəddəslərin Bayramı

Dua
Əbədi və hər şeyə qadir Allah, cənnətdə olan bütün müqəddəsləri və onların müqəddəs həyatlarını bu gün sevinclə anırıq. Sənə yalvarırıq: bizim üçün vasitəçilik edən bu müqəddəslərin xatirinə bizə mərhəmət göstər və səndən ümidlə gözlədiyimiz nemətləri bağışla. Bunu, səninlə və müqəddəs Ruhla birlikdə, indi və əbədiyyən hökm edən Oğlun, Rəbbimiz İsa Məsihin adına səndən diləyirik.
M: Amin.
Vəhy kitabından sözlər (Vəhy 7, 2-4, 9–14)
Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhrünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi: «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın». Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi. Bundan sonra mən baxıb gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun hüzurunda dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!» Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın hüzurunda üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər: «Amin! Allahımıza əbədi olaraq alqış, izzət, hikmət, şükür, şərəf, qüdrət və qüvvət olsun! Amin!» Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?» Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Z 24, 1-2. 3-4b. 5-6
Nəqarat: Allahım, budur, Səni axtaran bunlardır.
Rəbbindir yer üzü və orada mövcud olanlar, dünya və orada yaşayanlar.
O, yerin təməlini dənizlər üstündə qurdu, dünyanı sular üzərində yaratdı.
Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər? – əlləri pak, qəlbi təmiz, hiyləyə könül verməyən, yalandan and içməyən insan.
O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq. Belə adam Rəbbi soraqlar, Yaqubun Allahının üzünü axtarar.
Müqəddəs Yəhyanın 1-ci məktubundan sözlər (1Yh 3, 1-3)
Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır. Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 5, 1-12)
İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi:
«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Səltənət onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb susayanlar! Çünki onlar doyacaq. Mərhəmətli olanlar nə bəxtiyardır! Çünki onlara mərhəmət ediləcək. Ürəyi təmiz olanlar nə bəxtiyardır! Çünki onlar Allahı görəcək. Sülhyaradanlar nə bəxtiyardır! Çünki onlar Allahın övladları adlanacaq. Salehlik uğrunda təqib edilənlər nə bəxtiyardır! Çünki Səmavi Səltənət onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız. Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Sizdən qabaq peyğəmbərləri də belə təqib ediblər.