ÇARMIX YOLUNUN DAYANACAQLARI HAQQDA DÜŞÜNCƏLƏR
ÇARMIX YOLUNUN DAYANACAQLARI HAQQDA DÜŞÜNCƏLƏR
I: İsa ölümə məhkum edilir
Ey Rəbb,
Həmin gün kütlədən olan hər kəs əmin idi ki o, Səni mühakimə edərkən, Sənə verilən hökm ilə daxilən razılaşarkən, Pilatın və baş kahinlərin əməllərinə dəstək olarkən – haqq yolundadır. Əlbətdə, axı kollektiv həmrəylik insana təhlükəsizlik hissini yaşadır. Büdpərəstlər tərəfindən işğala məruz qalan Seçilmiş Xalq üçün təhlükəsizlik hissindən artıq nə lazım idi? Axı Sən onlar üçün Azadlıq gətirən Padşah olmadın, dünyada onların həqiqətini bərqərar etmədin, düşmənlərini utandırmadın, onların qısasını almadın! O zaman qoy Səni çarmıxa çəksinlər, bizim hökmdarımız qeysər olsun, bəlkə bu yol ilə biz təhqir olunma hissindən qurtulduq. Biz məhz belə düşünürük: Səni qəlbimizin Padşahı olmaq hüququndan məhrum edəndə, dünyanın hökmdarlarına baş əyəndə, onlara birlikdə, biri birimizi təqlid edərək baş əyəndə, çünki özümüzü çarmıxa çəkilmiş Padşahın davamçılarına bənzər yox, əksinə, özümüzü təhlükəsizlikdə hiss etmək istəyirik, uğurlu hiss etmək istəyirik. Rəhm et bizə, ey Rəbb, çünki imanımız kasaddır, çünki çox zəifik. Bizim gözlərimizi aç ki, Sənin Çarmıxının arxasında Cəlalını, Həqiqi Padşahımızın İzzətini görə bilək. Amin
—
II: İsa Çarmıxını üzərinə alır
Ey Xilaskar,
Üzərinə aldığın çarmıxın ağırlığının əslində mənim bu dünyada yaşarkən keçmişdə, bu gün və gələcəkdə etdiyim günahlarımın ağırlığı olmasını necə anlayım, buna necə inanım? Necə inanım ki, Sən məni hələ anamın bətdində yaratmadan öncə tanımısan, Sən əzəldən bilirdin ki məni kim olaraq görmək istəyirsən və mən əslində kim olacam. Mənə həyat bəxş edərkən, məni bu dünyaya gətirərkən Sən artıq bilirdin ki məni əbədi mühakimədən xilas etmək üçün Sən bütün səhvlərimin və özümlə dünyaya gətirəcəyim bütün şərin çarmıxını üzərinə alacaqsan. Buna necə inana bilərəm? Bir tək Səin lütfünün gücü ilə. Çarmıxının kölgəsində duraraq, həmin lütfü diləyirəm Səndən. Amin.
—
III: İsa birinci dəfə yıxılır
Ey Rəbb,
Həqiqi Allah olaraq Sən Həqiqi İnsan olmaqdan çəkinmədin. Sən yıxıldın: Yıxılan Allah yox, İnsan idi. Hər birimizin yıxılması idi. Əbədiyyata gedən yolumuzda hələ neçə dəfə belə yıxılacayıq. Düşmənimiz oyaqdır. O ayağımızın hər büdrəməsini ümidsizliyə çevirmək istəyir. “Yıxıldın” pıçıltısı ilə fikirlərimizi zəhərləyir. “Yıxıldın, deməli sənin yolun bitdi. Sən də bacarmadın, Allahın da bacarmadı. Burada qal. Büdrədiyin yerdə. Bu gerçəklik ilə barış. Yolun bu hissəsini qət etdiyinə görə özünü təriflə və qalxmağı heç düşünmə. Sənin yolun buraya qədər imiş”. İradəmiz şeytanın sınaqlarından iflic olduğu zaman Sən, ey Rəbb, qalxırsan. Özünə görə yox – mənə görə qalxırsan. Qan-tər içində Sən üzərinə götürdüyün mənim Çarmıxımı Qolqotaya, mənim azadlığımın və şəfamın məkanına çatdırmaq üçün qalxırsan. Səndə, Sən ilə mən də qalxa bilirəm. Yalnız Səndə, yalnız Sənin gücün ilə mən şeytanı susdurub yoluma davam edə bilərəm. Gücünü məndən əsirgəmə. Amin
—
IV: İsa Qolqotaya gedən yolda Anasına rast gəlir
Çətin günlərdə biz tez-tez qayğısız uşağlığımızı xatırlayırıq. Allah Adəm ilə Həvvanı yetkin yaratdı, onların övladları isə artıq Allahdan uzaqlaşmış bir dünyada doğuldu. Həmin dünyada cənnət haqqda bir xatirə qalmamışdır. Kim bilir, bəlkə elə buna görə Allah bizə, insanlara, uşağlıq dövrü haqqda həyat və sevinc ilə bol xatırələr yaratmaq qabiliyyətini verib? Həmin günəş işığına boyanan günləri yada salaraq biz sanki Allah ilə gələcəkdə yaşanacaq əbədi bəxtiyarlığı öncədən sezə bilirik. Sən də, ey Rəbb, bir zaman uşaq idin, Ananın yeganə və sevilmi Oğlu idin. O Anandır ki, Sənə, ey Əzəli Kəlam, Allahın Oğlu, təhlükəsizlik, rahatlıq, ocaq hissini bəxş edib. O Anandır ki bizdən gizli qalan illərində Sənin yeganə dəstəyin olub. Ananın məhəbbət və ağrı ilə dolu gözlərini kütlə arasında gördüyün zaman nələri xatırladın, ey Rəbb? Yusif və Məryəm ilə keçirdiyin o qayğısız günlərimi? Ya Rəbb, Ananın Qəlbində yaşayan o sonsuz məhəbbət, saədaqət və tükənməz kədər xatirinə, bütün valideynlərə, həm həyatda olanlara, həm dünyasını dəyişənlərə xeyirdua ver. Amin.
—
V: Kirenalı Şimon İsa Məsihə Çarmıxı daşımağa yardım edir
Ey Rəbb,
Bir az öncə Sənə Hosanna nəğməsini oxuyan indi isə əzablarını seyr edərək dəlicəsinə sevinən kütlənin arasında Sənin çiyinlərinə bir az istirahət verəcək insan tapıldı. Şimon adlı bir nəfər köməyinə çatdı. İki min ildən artıq zaman keçib, biz hələ də onu xoş sözlə xatırlayırıq. Adını da, haradan gəldiyini də. O zaman, əslində kim kimə yardım etdi? O Sənə, yoxsa Sən Ona? Çarmıx Yolunun bu hissəsini xatırlayaraq, ya Rəbb, Səndən bizə çarmıxımızı daşımağa bilərəkdən ya bilməyərəkdən yardım edən hər kəsə xeyirdua verməyini diləyirik. Onları hər cür şərdən xilas et. Bizim də gözlərimizi başqalarının əzablarını görmək üçün aç ki, biz də öz növbəmizdə çarmıxının ağırlığı altında əzab çəkənlərin köməyinə çataq və heç olmasa yolun bir hissəsində onlar ilə bərabər olaq. Axı hər birində – Sən Varsan. Amin
—
VI: Veronika İsa Məsihin Üzünü silir
Cismani və ya mənəvi ağrı bizim bütün varlığımızı işğal edən günlərdə biz özümüzü təmamilə tərk edilmiş və tənha hiss edirik. Bəsit, heç bir məna daşımayan təsəllilərin səs-küyündə, bezdirici və eyni-mənalı “növbətçi” dəstək ifadələrin zənguləsində səmimi mərhəmət ilə bol və ifadəsi ilə yardıma hazır bir sima görməyə bizim necədə ehtiyacımız var. Görəsən Veronika Səni əzablarından xilas edə bilərdimi? Və Cismini ox kimi deşən ağrının zəifləməsi üçün Veronikanın Sənin Üzünü silmək cəhdi çoxmu vacib idi? Məzmurçu deyir “Bəşər övladların ən gözəli Sənsən”. Budur, Səni min zərbə ilə tanınmaz etdilər. Sənin öncəki zahirini qaytarmağa heç kimin gücü çatmazdı, lakin Veronikanı bu durdurmadı. Onun qəlbi Sənin əzablarına etinasız qalmadı: “qoy heç olmasa bir anlıq edama məhkum olmuş özünü yenidən insan hiss etsin” düçünərək Veronika özünü qorxmadan kütlədən ayırır. “Qoy bu mərhəmətsizlər də onda bir insan övladı görsünlər” . Ola bilsin bir anlıq Sənin Üzün dəyişildi, Veronikanın dəsmalı qanı və torpağı sildi və kütlə Sənin baxışını – əzab və ağrl ilə bol, lakin nifrətsiz və mühakiməsiz baxışını tutdu. Kim bilir, neçə qəlb o an Sənə tərəf döndü. Ya Rəbb, Sənə yalvarırıq, qoy Veronikanın mərhəməti və cəsarəti bizim üçün mühakimə edilən, rədd edilən insanlara olan münasibətin canlı nümunəsi olsun. Amin
—
VII: İsa ikinci dəfə yıxılır
Ya Rəbb, Sən bilirsən ki bizdə olan şəri öz nümunəsi ilə, sözləri ilə, hərəkətləri ilə ifşa edənləri mühakimə etməkdə biz necə də cəldik. Mənəvi nüfuzu olanların çöküşünə necə də sevinirik. Əlbətdə, axı onların hər büdrəməsi – bizi sanki öz günahlarımızın məsuliyyətindən azad edir. Dünya hər dəfə Sənin Kilsəndə problemlər olanda bədxahcasına sevinir. Axı Kilsən vasitəsi ilə yayılan Sənin Səsin heç kimi laqeyd qalmağa qoymur. Nə etməli? Ya bu Səsi eşidib arxasıca getməlisən yaxud da Kilsəni susdurmağın yollarını böyük həvəslə axtarmalısan. Ya Rəbb, başqaların çöküşünə sevinməyimizə görə, bununla özümüzə bəraət qazandırmağımıza görə, özümüzü başqalardan üstün tütdüğümüza görə bizi bağışla və bizə rəhm et. Amin.
—
VIII: İsa ağlayan qadınlara təsəlli verir.
Allahın Oğlundan başqa kim bəşər övladlarına qarşı bu dərəcədə səxavətli və iltifatlı ola bilər?! Özünün nə ilahi nə bəşəri ləyaqəti qalmadığı bir halda – O başqaların göz yaşlarına təsəlli verir. Necə ki əzəldən Sən bütün Varlığın ilə Ataya verilirsən, eləcə də burada, bu günahkar yer üzündə Sən – tamamilə bizə həsr edilirsən, Özünü bizə bəxş edirsən. Ey Allahın Həqiqi Quzusu, qoyma Sənin və ya başqalarının qarşısında öz salehliyimizlə öyünək, çünki nəyimiz varsa – Səndən almışıq, başqalarına təsəlli verə biliriksə – deməli özümüz Səndən təsəlli almışıq. Amın
—
IX: İsa üçüncü dəfə yıxılır
Yenə də qəlbimdə acı fısıltı səslənir – “bir özünə bax, sən yenə də yıxıldın, sənin kimisi Rəbbin nəyinə gərək? Hamı ayaq üstə, bəziləri hətda yüksəklikdə, sən isə? Yenə qüsurlarının çuxurundasan. Onlara sənin Allahın yardım etdi, çünki onlar səndən güclüdür. Səni isə Allahın unudub. Kilsə də səni unudub. Onun öz sevimliləri var, sən qədər yıxılmaz onlar. Özünə hörmətin olsun, çıx bu yoldan!”. Ya Rəbb, köməyim Müqəddəs Ruhundur! O Rudundur ki, həvarinə bu sözləri deməyə ilham verib – “Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər”. Tərk et məni, şeytan. Rəbbim mənə yazılan yolum ilə artıq keçib, Rəbbdə mən artıq sənə qalib gəlmişəm, Rəbbdə mən artıq günahlarımın fövqündəyəm, bunu bilmirdin? Budur, çarmıx nişanı, Rəbbimin mənim günahımın üzərində Qələbəsinin nişanı. Amin
—
X: İsanı soyundururlar
Ya Rəbb,
Bəşər olduğun və bu dünyaya gəldiyin gündən Sən Özün üçün yığmağa yox – Özünü bəxş etməyə gəlmisən. Görəsən kilsəyə ibadətə gələndə, bununla Sənə minnət etmədiyimizi hələ bu həyatda olarkən anlaya biləcəyikmi? Özünün heç ilahi yox, yalnız insani ləyaqətinin son şəhadətinin – lıbasının alınmasına səssiz qalan Rəbbə biz nəyi minnət edə bilərik? Sənin verdiyin bu Qurbana biz yalnız boş əllərimizi Sənə tərəf ucaldaraq, Səni Xilaskarımız kimi iqrar edərək cavab verə bilərik. Səni bizim günahlarımızdan daha çox – Xilasa ehtiyacımızın olmaması qənaətimiz təhqir edir. Biz zəifik, bunu bilirsən. Sən məhz bizi Özündə qöylərə yüksəltmək üçün gəldin, əzab çəkdin, Özünü Səmavi İzzətindən məhrum etdin, günahdan başqa hər şeydə bizə bərabər oldun. Ya Rəbb, qoyma Sənin Qurbanını öz təkəbbürümüzlə dəyərdən salaq. Şeytan bizi öyrədir ki, Sənin Qurbanına ehtiyacımız yoxdur, yaxud da Sənin Qurbanın bizi dəyişməyə qadir deyil. Şeytanın toruna düşməyə qoyma bizi. Amin.
—
XI: İsanı Çarmıxdan mıxlayaraq asırlar
Budur, həmin o an – Quzunun Kəsilməsi Anı
Həmd olasan, ey Ata, Sən əzəldən bilirdin ki yaradacağın insan Səndən üz döndərəcək və onun Sənə qayıtmasının dəyəri – Oğlunun Qanı olacaq. Amin
Həmd olasan, ey Oğul, Sən Atanın İradəsini qəbul etdin və bizi Qanın bahasına təzmin etdin. Amin
Həmd olasan, Müqəddəs Ruh, Sən gözlərimizi Həqiqətə açırsan və bizi Xilası Məsihdə axtarmağa sövq edirsən. Amin.
—
XII: Məsih Çarmıxda ölür
Tamam oldu.
Fövqələqdəs Allahın Anası, Bakirə Məryəm ilə, bütün mələklər və müqəddəslər ilə birlikdə Çarmıxın ətəyində sükuta qərq olub duraq. Çarmıxa çəkilən Dünyanın Xilaskarı, Aləmlərin Rəbbi, Allahın Oğlu İsa Məsihdir.
—
XIII: İsa Məsihi Çarmıxdan alırlar.
Şər güvvələrin saxta təntənəsinin anı. Dünyanın ümidi öldürülüb. Sükut hər yerə yayılıb. Sənə ümid edənlərin qəlbi qəmə qərq olub, ey Rəbb. Həyatımızda neçə dəfə bizə elə gəlib ki sanki Sən həqiqətən ölmüsən. Şərin içimizdə bizə qalib gəldiyinə əmin olduğumuz anda, məğlubiyyətimizi xəstə gülüş ilə qeyd etdiyimiz anda, bizə ancaq qalan günahlarımızı köhnə dostlarımızı kimi qucaqladığımız anda Sənin öldüyünü bilirik. Xilas baş tutmadı. Sənmi bacarmadın, bizmi bacarmadıq – nə fərqi? Lakin biz necə də yanılırıq! Şərin əbədi olaraq qəlbimizin taxt-tacına çıxdığını düşündüyümüz zaman Rəbbin Özü qəlbimizin cəhənnəminə endiyini, onu – cəhənnəmi – məhv etmək üçün endiyini ağlımıza gətirə bilərikmi? Bilərik! Ya Rəbb, Səni gözləyirəm. Özüm özümü məhkum etdiyim cəhənnəmdə Səni gözləyirəm, ey Xilaskar. Amin
—
XIV: Isa Məsihin Dəfn edilməsi
Ya Rəbb, Sən hər şeyi Roma əsgərlərinin Sənin qəbrinin girişinə söykədiyi daşın arxasına apardın. Mənim ağrımı, ümidsizliyimi, tənhalığımı. Mən onlara o qədər vərdiş olmuşam ki, onlar olmadan sanki özüm də yoxam. Qoy elə də olsun. Mən köhnə həyatım üçün yox olmaq istəyirəm, Səninlə dəfn edilmək istəyirəm. Çünki inanıram, 3 gün keçməz, məndə yeni həyat doğulacaq, Sənin Həyatın, ey Ölümdən Dirilmiş Rəbbim, və bu həyatın sonu gəlməyəcək. Bütün yol boyu məni təqib edən düşmən isə Sənin Qələbən ilə rüsvay ediləcək. Padşahlıq, Güdrət və İzzət əbədiyyən Sənindir! Amin.
By Paulus T.A. (Baku)
9 March 2020
